Üçölçülü obyektlərin real məkandan virtual məkana transformasiya problemləri araşdırılır

15 Dekabr 2016 - 11:15 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin 2016-cı il üçün hesabatı müzakirə olunub. Şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən bəhs edərək “Üçölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmaların davam etdirildiyini bildirib.

A.Səmidov müasir nəşriyyat və poliqrafiya texnologiyalarının meydana gəlməsi, təkamülü və inkişaf perspektivləri, rəqəmsal mühitdə intellektual mülkiyyət və müəllif hüquqlarının qorunması texnologiyalarının analizi, kompüter qrafikasının köməyilə müxtəlif təyinatlı poliqrafik materialların modelləşdirilməsi istiqamətində elmi tədqiqatların aparıldığını nəzərə çatdırıb.

Məruzəçi AMEA-nın Ümumi yığıncağı, “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktiki konfransı və digər tədbirlərin keçirilməsi ilə bağlı materiallar, institutun yeni əməkdaşları üçün vəsiqə və vizitkartlar, ekspress-informasiyaların hazırlanması və s. ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında məlumat verib.

Şöbə müdiri bildirib ki, “Multimedia Qalereyası”na foto, audio və video materialların daxil edilməsi, “www.ict.az” veb-saytına audio, video, qəzet və jurnal materiallarının, elektron resursların yerləşdirilməsi, institut əməkdaşlarının KİV-də olan məlumatlarının toplanılması üzrə işlər həyata keçirilir.

A.Səmidov, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması və cari işlərə dair məlumatları diqqətə çatdırıb.

Hesabata dair fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.