AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoruu, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün hesabatını təqdim edib.
Məruzəçi bildirib ki, il ərzində şöbədə elmi-tədqiqat işləri çərçivəsində informasiya və biliklər iqtisadiyyatının məzmununa olan elmi-nəzəri və metodiki yanaşmalar tədqiq edilmişdir. Beynəlxalq iqtisadiyyatın əsas subyektləri, dünya iqtisadiyyatının qloballaşması və inkişafı faktorları, onun sektorial və sahəvi strukturları təhlil olunmuşdur. İnformasiya və bilik iqtisadiyyatının formalaşması xüsusiyyətləri və mərhələləri beynəlxalq səviyyədə öyrənilmiş, onun komponentləri, sahəvi klassifikasiyası təhlil olunmuş və bəzi tövsiyyələr verilmişdir.
Ə.Əliyevin sözlərinə görə, informasiya və biliklər iqtisadiyyatını müxtəlif aspektlərdən izah edən, onun inkişaf səviyyəsini ölçməyə imkan verən bir çox kriteriya, inteqral indikator və indekslər kompleks şəkildə təhlil olunmuş və onlara təsir edən amillər araşdırılmışdır.
O, statistik hesabatlar əsasında informasiya və bilik iqtisadiyyatının inteqral indikatorunun hesablanması qaydasının müəyyənləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, informasiya və bilik iqtisadiyyatının formalaşmasının təhlili, inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə yeni indekslərin, indikatorların və onların hesablanma metodikalarının işlənilməsinə yeni yanaşmanın xüsusiyyətləri izah edilmişdir.
Məruzəçi informasiya və bilik hesabına formalaşan ÜDM-in hesablanması qaydalarının müəyyənləşdirildiyini qeyd edərək, təhlillər əsasında informasiya və biliklər iqtisadiyyatının yeni Kompozit İndeksinin (İBK) təklif olunduğunu söyləyib.
Şöbə rəhbəri bildirib ki, informasiya və bilik iqtisadiyyatının müqayisəli qiymətləndirilməsi üzrə kompozit indekslər sisteminin formalaşmasının elmi-metodoloji əsasları işlənilmişdir. Kompozit indeksi formalaşdıran əsas indekslərin və indikatorların qarşılıqlı əlaqələri göstərilmiş, onların müəyyənləşdirilməsinin ardıcıl formalaşdırılması mərhələləri təklif olunmuşdur.
Hesabat ilində informasiya cəmiyyəti şəraitində yaşıl iqtisadiyyatın formalaşması sahəsində olan müvafiq təşəbbüslər və çağırışlar təhlil olunduğunu deyən Ə.Əliyev yaşıl iqtisadiyyatın əsaslandığı prinsiplərin izah edildiyini və yaşıllaşdırma prosesinin cəmiyyətin iqtisadi inkişafında yeni mərhələ kimi təqdim olunduğunu vurğulayıb. Qeyd edib ki, yaşıl iqtisadiyyatın formalaşması ilə əlaqədar Azərbaycandakı vəziyyət və ona təsir edən amillər təhlil olunmuşdur. Yaşıl iqtisadiyyatın formalaşması səviyyəsinin qiymətləndirilməsi üçün bəzi inteqral göstəricilər təklif olunmuş, innovativ strukturlara müxtəlif səviyyələrdə qoyulan strateji tələblər, prinsiplər və prioritetlər təhlil olunmuşdur. Hesabat ilində, həmçinin texnoparkların fəaliyyətinin səmərəli təşkili və onun idarə edilməsi üzrə problemlər aşkarlanmış və onların həllinə təsir edən amillər araşdırılmışdır.
Texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi aspektində kompozit indikatorlar sisteminin yaradılması mərhələləri, onlara qoyulan tələblər və onların ümimiləşdirilmiş tərkibi və məzmunu müəyyənləşdirilmişdir. Texnoparkların fəaliyyətini xarakterizə edən əsas indekslər qrupu təklif olunmuş, onların ierarxik strukturu verilmişdir. Texnoparkların əsas və subindekslərin asılı olduğu indikator və göstəricilərin müəyyənləşdirilməsinin ardıcıl formalaşdırılması mərhələləri təklif olunmuşdur. Texnoparkın kompozit indeksi əsasında onun kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikası təklif olunmuşdur.
Ə.Əliyev hesabat ilində texnoparkların fəaliyyətinin I və II səviyyə sub indeksləri əsasında III səviyyə üzrə alt göstəricilər sistemi işlənildiyini bildirib. Elmi-innovasiya fəaliyyəti aspektində müxtəlif fondlar üçün İKT layihələrinin hazırlandığını vurğulayıb.
Şöbənin elmi-innovasiya fəaliyyətindən söz açan məruzəçi bildirib ki, cari ildə müxtəlif fondlara təqdim etmək üçün “informasiya və bilik iqtisadiyyatının formalaşması və inkişafı üzrə iqtisadi modellərin işlənilməsi” üzrə bəzi layihələr hazırlanmışdır.
“Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası üzrə AMEA İTİ-də “Bilik iqtisadiyyatının formalaşması” mövzusu üzrə işlərin görüldüyünü, yoxsulluğun azaldılması üzrə Dövlət Proqramına müvafiq olaraq innovativ tədbirlərin yerinə yetirildiyini, informasiya cəmiyyətinin formalaşması üzrə Milli Strategiyanın və Fəaliyyət Planının müvafiq bölmələrinin icrasında iştirak edildiyini diqqətə çatdırıb.
O, qeyd edib ki, cari ildə şöbə əməkdaşları tərəfindən 9 respublika, 4 respublika-beynəlxalq səviyyəli və 2 beynəlxalq səviyyəli elmi-texniki konfranslarda çıxışlar edilmişdir. Məruzəçi cari ildə şöbə əməkdaşlarının bir neçə məqaləsinin nüfuzlu bazalarda indeksləşmiş jurnallarda çap olunduğunu diqqətə çatdırıb.
Ə.Əliyev, həmçinin şöbədə elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin КİV-də təbliği, beynəlxalq əməkdaşlığın inkişafı çərçivəsində yerinə yetirilmiş işlərdən danışıb.
Məruzə ərtafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.