İnstitutda e-elmin formalaşmasının elmi-nəzəri və praktiki məsələləri araşdırılıb

23 Noyabr 2016 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında 3 saylı şöbənin 2016-cı il üçün hesabatı müzakirə olundu.

Şöbə müdiri Təhmasib Fətəliyev cari ildə görülmüş işlər və əldə olunmuş nəticələrin təqdimatı ilə çıxış edərək elmi-tədqiqat işləri, elmi-innovasiya və elmi-pedaqoji fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq və s. barədə ətraflı məlumat verdi.  

Məruzəçi qeyd etdi ki, şöbədə elmi-tədqiqat işləri institutun əsas elmi istiqamətinə uyğun olaraq e-elmin formalaşması problemləri üzrə aparılır. Həmin elmi problem çərçivəsində e-elmin formalaşmasının aktual elmi-nəzəri və praktiki məsələləri tədqiq edilmiş, arxitektur prinsipləri işlənmiş, verilənlər haqqında elmin (Data science) təşəkkülü və perspektiv məsələləri araşdırılmış, o cümlədən elmi verilənlər probleminin həllinin perspektiv istiqamətlərindən biri kimi bulud texnologiyasından istifadənin pespektivləri təklif olunmuşdur. Həmçinin hesabat ili ərzində açıq elm (Science 2.0) konsepsiyası tədqiq edilmiş və onun formalaşdırılmasının perspektiv istiqamətləri müəyyənləşdirilmişdir.

Şöbə müdiri e-elmin tərkib hissəsi kimi vətəndaş elminin inkişafında sosial medianın rolunun araşdırıldığını və perspektiv istiqamətlərin müəyyənləşdirildiyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, şöbənin cari il ərzində əldə olunmuş elmi-tədqiqat fəaliyyətinin nəticələrinə dair məqalələr çap edilmiş və elmi konfranslarda müzakirə olunmuşdur.

T.Fətəliyev hesabat ili ərzində elmi seminarların keçirildiyini, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunduğunu, beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edildiyini bildirdi. Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işləri də diqqətə çatdıraraq qeyd etdi ki, bu istiqamət üzrə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 1 qrant layihəsi üzrə tədqiqatlar aparılmışdır.

Hesabat ətrafında müzakirələr aparıldı, Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.