Bulud texnologiyalarının elektron təhsildə tətbiqi məsələləri araşdırılıb

10 Noyabr 2016 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10 saylı şöbənin bulud texnologiyalarının elektron təhsildə tətbiqi məsələlərinə həsr olunmuş elmi seminarı keçirildi.

Şöbənin əməkdaşları Gülarə Məmmədova və Esmira Ələsgərovanın həmmüəllif olduğu məruzəni G.Məmmədova təqdim etdi. Bildirdi ki, bulud texnologiyaları istifadəçilərin lokal mövqelərində hər hansı bir proses, proqram, verilənlərin daxil edilməsi və ya servis infrastrukturuna ehtiyac olmadan xidmətin təmin olunmasını əhatə edən informasiya xidmətidir. Bu texnologiyaların üstünlüklərindən danışan məruzəçi qeyd etdi ki, sənədlər buludda saxlanıldıqda istifadəçilər istənilən zaman və yerdə bu sənədlərdən istifadə etmək imkanına malikdirlər.

O, həmçinin Standartlar və Texnologiyalar Milli İnstitutunun (National Institute of Standards and Technology) standartları haqqında məlumat verərək bu standartlara əsasən buludların tələb üzrə özünəxidmət, geniş şəbəkə kanalı, resurs qovşaqlarının dəstəyi, tez miqyaslanma, elastiklik, servislərin istifadəsinin ölçmə imkanı və digər xüsusiyyətlərini diqqətə çatdırdı.

G.Məmmədova bulud texnologiyalarının tədris prossesində tətbiqinin elektron tədris resurslarının yaradılması, tədrisin fərdiləşməsi, müəllimlər arasında təcrübə mübadiləsinin aparılması, interaktivlik, sənədlər üzərində birgə iş və s. imkanlar yaratdığını söylədi.

Məruzəçi təhsildə bulud hesablamalarının ehtiyat surətçıxarma, saxlama, əlyetərlik, əməkdaşlıq, resurslara və vaxta qənaət kimi üstünlüklər təqdim etdiyini vurğuladı. Həmçinin sənədlərin buludda saxlanılması və paylanması üsulları haqqında ətraflı məlumat verdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.