Big Data konsepsiyasının həyata keçirilməsi üçün verilənlərin inteqrasiyası vacib məsələlərdəndir

26 Oktyabr 2016 - 10:00 | Konfranslar, İclaslar

Big Data konsepsiyasını özündə əks etdirən və böyük verilənləri digər verilənlərdən fərqləndirən həcm, sürət, müxtəliflik, keyfiyyət, dəyər kimi xarakteristikalar vardır. Bu xarakteristikalar ümumilikdə böyük verilənlərin tətbiqi sahəsində mövcud olan əsas problemləri əhatə edir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova institutun elmi seminarında “Böyük ölçülü məlumatların inteqrasiyası” mövzusunda çıxışı zamanı bildirib. O, problemin aktuallığını diqqətə çatdıraraq qeyd edib ki, istənilən müəssisə üçün Big Data bütün fəaliyyət sahələrində olduqca əhəmiyyətlidir. Böyük həcmli verilənlərin konsepsiyasının həyata keçirilməsi üçün heterogen verilənlərin inteqrasiyası vacib məsələlərdəndir. Belə ki, verilənlər digər verilənlərlə uyğun və əlaqəlidirsə onlar daha qiymətlidir. Bu da böyük verilənlərin inteqrasiyası problemini aktuallaşdırır.

M.Hacırəhimovanın sözlərinə görə, Big Datanın tətbiqi sahəsində əsas problemlər onun müxtəliflik xarakteristikası, müxtəlif tip verilənlərin inteqrasiyasının tələb edilməsi, ənənəvi inteqrasiya yanaşmalarının səmərəsizliyi və çevik inteqrasiya paradiqmasına ehtiyac duyulmasıdır.

Məruzəçi bildirib ki, verilənlərin inteqrasiyası müxtəlif mənbələrdə yerləşən verilənlərin birləşdirilməsi və unifikasiya olunmuş şəkildə istifadəçiyə təqdim olunmasıdır. O, həmçinin inteqrasiyanın semantik, məntiqi və fiziki səviyyələrindən söz açıb. Qeyd edib ki, inteqrasiya sisteminin arxitekturunun, istifadəçi interfeysinin, müxtəlif mənbələrdən olan verilənləri dəstəkləyən inteqrasiya modelinin işlənməsi və s. inteqrasiyanın əsas məsələlərindəndir.

M.Hacırəhimova verilənlərin ənənəvi inteqrasiya metodları (ETL – Extract, Transform and Load, EAI – Enterprise Application Integration, CDC – Change Data Capture), Big Datanın inteqrasiyasının verilənlərin ənənəvi inteqrasiyasından fərqi, inteqrasiyanın mərhələləri və prinsipləri barədə geniş məlumat verib. Big Datanın inteqrasiyasında arxitektur, semantik və ontologiyaya əsaslanan yanaşmalar, Data Mining yanaşmalardan bəhs edib.

“Böyük verilənlər cəmiyyətin iqtisadi inkişafına təkan verməklə yanaşı, elmi ictimaiyyəti bir çox problemlərlə üz-üzə qoymuş, yeni tədqiqat paradiqması yaratmışdır. Bu istiqamətdə verilənlərin daha çevik inteqrasiya modellərinin işlənməsi əsas tədqiqat mövzularındandır”, – deyə məruzəçi bildirib. Qeyd edib ki, Big Datanın arxitekturu, miqyaslanması, toplanması, ilkin emalı, saxlanılması, analitikası, təhlükəsizliyi, vizuallaşdırılması və s. kimi elmi-nəzəri problemlər tədqiqatçılar tərəfindən araşdırılır.

O, həmçinin inteqrasiya alətləri istehsalçıları barədə məlumat verərək “Talend” (Open Studio for Big Data), “Syncsort” (DMExpress), “Pentaho” (Data Integration), “Oracle” (Data Integrator), “IBM” (InfoSphere BigInsights) şirkətlərinin ilk Big Data inteqrasiya həllərini təqdim etdiklərini bildirib. Big Datanın inteqrasiyası mövzusunda çap olunmuş kitab və məqalələr haqqında məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.