İnstitutun alimləri “Beynəlxalq Elm və Texnologiya Konfransı”nda məruzə ilə çıxış ediblər

17 Oktyabr 2016 - 09:45 | Konfranslar, İclaslar
İnstitutun alimləri “Beynəlxalq Elm və Texnologiya Konfransı”nda məruzə ilə çıxış ediblər

3-6 oktyabr tarixlərdə Türkiyənin paytaxtı Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Elm və Texnologiya Konfransı” keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrdə elmin, texnologiyanın mövcud vəziyyətini təhlil etmək və elm adamları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsinin müzakirəsidir.

Konfransda, iştirakçı alim və mütəxəssislər elm və texnologiyanın inkişafı, əsas strateji hədəflər və mövcud problemlərə dair müzakirələr apararaq, fikir və təcrübələrini bölüşüblər.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev də iştirak ediblər.

F.Ağayev “Türk dünyasında informasiya texnologiyaları mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq” mövzusunda məruzəsini təqdim edib.  Bildirib ki, son illər qlobal xarakter almış cəmiyyətin informasiyalaşdırılması prosesi sivilizasiyanın inkişafının strateji əhəmiyyətli istiqamətlərindən birinə çevrilmişdir ki, bu da İT üzrə peşəkar kadrların hazırlanmasına zərurət yaratmışdır.

Onun sözlərinə görə, XX əsrin 90-cı illərində İKT üzrə mütəxəssislərin fəaliyyətinin diversifikasiyasının baş verməsi informasiya sistemləri və şəbəkələr, kompüter elmləri, informasiya texnologiyaları, kompüter mühəndisliyi, proqram mühəndisliyi kimi sahələr üzrə təhsilin meydana çıxmasına səbəb olmuşdur.

“İT-təhsil sistemi yüksəkixtisaslı İT-kadrların hazırlanması, təhsilin informasiyalaşdırılması, informasiya-pedaqoji texnologiyaların inkişafıdır”, – deyə bildirən məruzəçi İT-ixtisaslar barədə məlumat verib. O, qeyd edib ki, “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın da əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.

F.Ağayev Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə İKT üzrə kadrların bilik və bacarıqlarının səviyyəsinin yüksəldilməsi, bütün fənlər üzrə tədris planlarında İKT-dən istifadənin öz əksini tapması, ümumtəhsil müəssisələrinin yeni nəsil rəqəmsal tədris resurslarından istifadə imkanlarının genişləndirilməsi, proqram resurslarından səmərəli istifadə olunması istiqamətində tədbirlərin görüldüyünü söyləyib.

Məruzəçi AMEA İnformasiya Texnologiyaları İnstitutunun Türkdilli dövlətlər üzrə İT-kadrların hazırlanmasında əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın müvafiq seksiyasında, həmçinin dosent Əlövsət Əliyev “Azərbaycanda elmin müasir vəziyyəti və elmə əsaslanan yeni iqtisadiyyatın strateji hədəfləri”nə həsr olunmuş məruzə ilə çıxış edib. Azərbaycanın hazırda postneft dövrünə daxil olduğunu nəzərə çatdıran məruzəçi ölkədə elm, texnologiya, informasiya, İKT və innovasiyalara əsaslanan yeni iqtisadiyyatın qurulduğunu bildirib. Qeyd edib ki, formalaşmaqda olan yeni iqtisadiyyatın yol xəritəsi hazırlanır, müzakirə olunur və tətbiq edilir. Yeni iqtisadiyyatın strateji hədəflərinin hələ bir neçə il əvvəl təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunduğunu deyən natiq İKT və elm sferasının inkişafına daha böyük diqqət yetirildiyini, müvafiq sahələrdə yeni strategiya və qanunların qəbul olunduğunu bildirib.

Azərbaycanda 150-ə yaxın elmi-tədqiqat təşkilatının olduğunu qeyd edən alim ölkədəki elmi-texniki potensialdan, xüsusilə ali elmi təşkilat olan AMEA-da əldə edilən elmi nəticələrdən daha səmərəli istifadə olunmasının zəruriliyini vurğulayıb.

Ə.Əliyev Azərbaycanda idarəetmə sferasında tətbiq olunan yeni elektron texnologiyalardan söz açaraq “Asan Xidmət” mərkəzlərində və “www.e-gov.az” portalında əhaliyə göstərilən elektron xidmətlərdən nümunələr gətirib. E-elm, e-təhsil, e-səhiyyə, e-iqtisadiyyat, e-sosial, e-linqvistika, e-bank və bu kimi sahələrdə əldə olunan nailiyyətlərdə yeni nəsil kompüter şəbəkələri, Big Data, cloud, soft computing, Data/Text/Veb-Mining kimi müasir texnologiyalardan, ERP, CRM, BPM informasiya sistemlərindən, onların intellektual formalarından istifadə olunduğunu, həmin sahələrdə yeni elmi-tədqiqat işləri aparıldığını və startap layihələrinin yerinə yetirildiyini qeyd edib.

Ə.Əliyev məruzəsinin sonunda Azərbaycanın alim və mütəxəssisləri ilə Türk dünyası, eləcə də digər ölkələr arasında mövcud və gələcək əlaqələrin inkişaf yollarından bəhs edib, konfransın ali rəhbərliyinə Azərbaycan alimlərinin türkiyəli həmkarları ilə iş birliyinə hazır olduqlarını və onları hər zaman dəstəklədiklərini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.