XƏBƏRLƏR

10175

İnformasiya Texnologiyaları İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun alimləri ilə görüş keçirildi

17 Oktyabr 2016 - 16:27 | Görüşlər

Beynəlxalq hökümətlərarası elmi tədqiqat təşkilatı olan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında, Dubna şəhərində  yerləşir. 1956-cı il martın 26-da əsası qoyulmuş BNTİ-da nəzəri və eksperimental tədqiqatların əsas istiqamətlərini elementar zərrəciklər fizikası və nüvə fizikası təşkil edir.

7 laboratoriyanın fəaliyyət göstərdiyi BNTİ-nun ştatında təxminən 5000 insan çalışır. Onlardan 1200-dən çoxu elmi işçi, təxminən 2000-i mühəndis-texniki personaldan ibarətdir.

Təşkilatın 60 illiyi və qurumun Azərbaycanla əməkdaşlığının 25 illiyi münasibətilə ölkəmizdə bir sıra tədbirlər  keçirilmişdir. Bu məqsədlə Azərbaycanda səfərdə olan təşkilatın informasiya texnologiyaları laboratoriyasının direktoru Vladimir Vasilyeviç Korenkov və nəzəri fizika laboratoriyasının direktoru Voronov Viktor Vasilyeviç AMEA İnformasiya Texnologiyaları İnstitutunun da qonağı oldular.  Əsas məqsəd BNTİ-nin fəaliyyəti ilə tanış olmaq, o cümlədən iki qurum arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparmaq idi.

Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının üzvləri də iştirak edirdi.

Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqları salamlayaraq onları rəhbərlik etdiyi qurumda görməkdən məmnun olduğunu bildirdi. Alim institutun əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək,  informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemləri üzrə aparılan elmi-tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söz açdı.

İnformasiya texnologiyaları və nüvə fizikası sahəsində BNTİ-nin təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən R.Əliquliyev ikitərəfli əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə etdi.

Sonra V.V.Korenkov BNTİ-nun fəaliyyəti və orada aparılan tədqiqatlar haqqında məruzə ilə çıxış etdi. Alim institutda informasiya texnologiyaları sahəsində baş verən ən son yeniliklərə dair aparılan araşdırmalardan söz açaraq superkompüter, Big Data və bulud texnologiyaları sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı. Həmçinin təşkilatın nəzdindəki labotratoriyaların iş prinsipi, burada həyata keçirilən layihələr haqqında Elmi Şura üzvlərinə məlumat verdi.

Daha sonra çıxış edən V.V.Vasilyeviç BNTİ-nun innovativ fəaliyyəti haqqında danışdı, laboratoriyaların müasir maddi-texniki baza ilə təmin edildiyini diqqətə çatdırdı. Məruzəçi BNTİ alimlərinin nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələrindən də söz açdı.

Sonda iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişafı, kadr və təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.