İKT-nin tətbiqi üzrə “AICT 2016” konfransı öz işinə başladı

12 Oktyabr 2016 - 12:55 | Konfranslar, İclaslar

Bu gün Bakıda, Qafqaz Universitetində “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) mövzusunda X beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbir Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti (AzTU), Malayziya Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil olunub.

Konfransı giriş nitqi ilə açan Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov tədbirdə 22 ölkədən 80-dən çox nümayəndənin iştirak etdiyini söyləyib. O, tədbirin ölkəmizdə müvafiq sahənin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edib ki, artıq 10-cu dəfədir keçirilən konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını və mühəndisləri eyni coğrafi məkana toplamaqdır. Tədbir İKT-nin təhsil və təlim, elm və tədqiqatlar, idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və rabitə sahələri üzrə tədqiqatlar aparan alim və mütəxəssisləri bir araya gətirir, onlara elmi işlərini geniş auditoriyada təqdim etmək, aktual problemlərin optimal həllərini tapmaq imkanı yaradır.

Rektor bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişafı istiqamətində sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının bariz nümunəsidir. Qafqaz Universitetinin İKT sahəsindəki fəaliyyətindən söz açan H.Məmmədov vurğulayıb ki, bu ali təhsil ocağı tamamilə elektronlaşdırılıb və burada təhsil alan tələbələrin 60 faizdən çoxu müvafiq istiqamətdə mütəxəssis kimi hazırlanır.

Konfransda müzakirə olunacaq mövzuların aktuallığından danışan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, dünyanın bir sıra ölkələrini təmsil edən alimlər tədbirdə İKT-nin tətbiqi ilə bağlı fikirlərini bölüşəcəklər. “Bu isə, öz növbəsində, təkcə ölkəmizdə deyil, bütün dünyada müvafiq sahənin inkişafına təkan verəcək”, – deyə bildirən alim Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Rektor bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu, dövlət rəhbərliyinin müvafiq sahəyə olan diqqət və qayğısı nəticəsində alimlərimizin bu istiqamətdə səylə fəaliyyət göstərdiklərini önə çəkib.

Müasir qloballaşma şəraitində informasiya cəmiyyətinin təşəkkülü və inkişafının strateji əhəmiyyət daşıdığını vurğulayan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İKT bütün sahələrdə tətbiqinin hər bir ölkənin inkişafı üçün vacib məsələlərdən olduğunu söyləyib: “Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, dövlət başçısı İKT-ni prioritet sahə elan edib. Bu gün Azərbaycanda informasiya cəmiyyəti artıq bərqərar olub və inkişaf etdirilir. Bu istiqamətdə ölkəmizdə strateji əhəmiyyətli sənədlər qəbul olunub”.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfrans iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və Rəyasət Heyətinin adından salamlayıb. Alim konfransın qarşısında duran vəzifələrdən və bu istiqamətdə ortaya çıxan problemlərin həlli yollarından danışaraq Azərbaycanda son illər elmin inkişafı istiqamətində həyata keçirilən islahatların bir hissəsinin İKT ilə bağlı olduğunu bildirib. Ölkəmizdə İKT-nin geniş tətbiqinin alimlərimiz qarşısında böyük vəzifələr qoyduğunu söyləyən R.Əliquliyev konfransa təqdim olunan məruzələrin aktuallığını qeyd edib, bu tədbirin elm və təhsilin inteqrasiyası baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.

BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov, AzTU-nun rektoru vəzifəsini icra edən professor Xalıq Yahudov, “ECO” Elm Fondunun prezidenti, professor Manzoor Soomro və digərləri konfransda müzakirə olunan mövzuların aktuallığını qeyd edib, bu kimi tədbirlərin müvafiq sahənin mütəxəssisləri arasında fikir mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Tədbir öz işini plenar iclaslarla davam etdirdi.

Qeyd edək ki, oktyabrın 14-dək davam edəcək konfransda “Böyük verilənlərin idarə edilməsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində müasir nailiyyətlər”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.