İnstitutda qeyri-verbal ünsiyyət vasitələrinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır

23 Sentyabr 2016 - 16:55 | Konfranslar, İclaslar

1951-ci ildə ilk Ümumdünya Karlar Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin təklifi ilə 1958-ci ildən etibarən hər il sentyabr ayının son bazar günü Ümumdünya Karlar günü kimi qeyd olunur. Bu il həmin gün  sentyabr ayının 25-nə təsadüf edir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin əməkdaşı Kəmalə Qurbanova qeyri-verbal ünsiyyət vasitələrinin araşdırılması məsələsinə həsr olunmuş şöbə seminarında çıxışı zamanı məlumat verib.

Məruzəçi öncə qeyri-verbal ünsiyyət - jest dili, bu dildən istifadə haqqında ətraflı məlumat verərək bildirib ki, jest gözün ifadəsi, üzün mimikası, baş və bədən hərəkətlərinin məcmusudur. Jestlər insan nitqinin emosional yanaşmasını əks etdirir. Qarşılıqlı anlaşma zamanı jestin rolundan söz açan məruzəçi qeyri-şifahi ünsiyyət metodunun kommunikasiyasına 2 müxtəlif yanaşmanın (humanitar-sosial və təbiət elmlərinə əsaslanan) mövcud olduğunu diqqətə çatdırıb.

“Müxtəlif peşələrdə vəzifənin icrası zamanı jestin əvəzolunmaz funksiyası vardır” deyə bildirən K.Qurbanova  yol patrul xidmətinin nizamlayıcı jesti, xüsusi təyinatli hərbi quvvələrin informasiya ötürmək üçün istifadə etdiyi jestlər, əşyaların jesti və s. barədə məlumat verib.

Məruzəçinin sözlərinə görə, jest dilinin istifadəçilərini iki qrupa bölmək olar: eşidə bilən insanların  jest dili və eşitmə məhdudiyyəti olan fiziki qüsurlu insanların  jest dili. Jest dilindən daimi ünsiyyət vasitəsi kimi istifadə edən eşitmə məhdudiyyətli insanlardır. Belə insanların yeganə rabitə vasitəsi olan bu dil obrazlı olduğundan asan qavranılır və yaddaşa tez daxil olur.

Sonra K.Qurbanova eşitmə məhdudiyyəti olan insanlar üçün fəaliyyət göstərən peşə məktəbləri, orta və ali məktəblər haqqında məlumat verib. Qeyd edib ki, 1973-cü ildə Vaşinqtonda eşitmə məhdudlu insanlar üçün Qallodetin adına ilk universitet açılmışdır. Azərbaycanda oxşar təshil müəssisəsi isə 1962-ci ildə Bakıda açılmışdır. 

Şöbə əməkdaşı informasiya texnologiyaları sahəsində, texniki metodların və proqram təminatının köməyi ilə eşitmə qüsurlu əlil insanların həyatını asanlaşdırmaq məqsədilə qurğular hazırlandığını diqqətə çatdırıb. Belə ki, Çin alimlərinin hazırladığı jest dilini tanıyan proqram əsasında işləyən kompüter eşitmə qüsurlu insanların müasir texnologiyaya adaptasiyasına imkan verəcək. Daha bir qurğu isə əl hərəkətlərilə jestləri oxuyur, əldə edilmiş informasiyanı “Bluetooth” vasitəsilə kompüterə ötürür. Sonra proqram, məlumatları xüsusi alqoritmlərin köməyilə analiz edir və onları öz verilənlər bazasındakı məlumatlarla müqayisə edərək səsə çevirir.

K.Qurbanova sonda  bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən faydalanaraq bütün dünya üzrə eşitmə qüsurlu əlil insanların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətin həyatında rolunun artırılması və təhsil almaları üçün kompleks tədbirlər görülməlidir.

Məruzə ətrafında geniş fikir mübadilsi aparılıb, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.