Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq elmin funksiyaları və rolu əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq tələblərə cavab verən elmi tədqiqatların aparılması, müxtəlif sahələrdə bəşəriyyət üçün mühüm elmi nəticələrin əldə edilməsi, bu nəticələrin yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da tətbiqi, başqa sözlə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması alim və mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir.
Ölkədə elmin koordinatoru olan Azərbaycan Milli Elmlər Akademiyasında respublikamızda mövcud elmi-texniki potensialın inkişaf etdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, Azərbaycanın elmi-texniki və sosial-iqtisadi inkişaf problemlərinin həllinə yönəlmiş fundamental tədqiqatların aparılmasına elmi dəstək verilməsi məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir, elmi-tədqiqat, elmi-praktiki, o cümlədən tədris məsələlərində innovativ fəaliyyətin təşkili üçün qabaqcıl texnologiyalar tətbiq edilir.
Hazırda akademiyada magistratura və doktorantura təhsilinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir, bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada doktoranturaya qəbul, doktorluq imtahanları və magistraturaya qəbul və semestr imtahanlarının keyfiyyəti, obyektivliyi və şəffaflığının artırılması və dünya standartlarına uyğunlaşdırılması istiqamətində ciddi islahatlar aparılır. Bu məqsədlə AMEA prezidenti “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” Sərəncam imzalayıb. A.Əlizadənin 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən isə AMEA-nın magistratura pilləsində təhsil alan magistrantlara informatika və ümumi fənlər üzrə nəzəri və praktiki dərslərin tədrisi və semestr imtahanlarının qəbulu İnformasiya Texnologiyaları İnstitutu tərəfindən test texnologiyaları əsasında keçirilir.
AMEA-da yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Akademiyada doktorantura təhsilinin yüksək səviyyədə təşkili, doktorant və dissertantların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün hər il attestasiya keçirilir. İnformasiya Texnologiyaları İnstitutunda da doktorant və dissertantların 2016-cı ilin I yarısı üzrə elmi fəaliyyətlərinin attestasiyasına həsr olunmuş hesabat iclasları keçirilir.
İclaslarda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətləri üzrə müxtəlif mövzulara dair hesabatları dinlənilir. Hesabatlarda dissertasiya işlərinin məqsədi və qarşıya qoyulan məsələlər, görülən işlər, dünyanın nüfuzlu elmi jurnallarında nəşr olunan elmi məqalələr və s. haqqında ətraflı məlumat verilir.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev doktorant və dissertantların elmi fəaliyyəti ilə bağlı tövsiyələrini bildirib. Qeyd edib ki, dissertasiya işinin hazırlanması iddiaçıdan yüksək intellektual səviyyə, zəngin dünyagörüşü, mövzunun mahiyyəti və əhəmiyyətini dərk etmək, problemin həlli yollarını araşdırmaq, dünya elmində bu istiqamətdə aparılan tədqiqatlar barədə məlumatlı olmağı və s. tələb edir. Hər bir doktorant və dissertant elmi problemi dərindən araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə mövcud problemin vəziyyətinin monitorinqinin nəticələri ilə tanış olmalı, bu məsələlərlə məşğul olan elmi mərkəzlər haqqında məlumat əldə etməlidir.
R.Əliquliyev doktorant və dissertantların əldə etdikləri elmi nəticələrlə bağlı məqalələrin qəbul olunmuş qaydalar əsasında strukturlaşdırılmasının, xüsusən də məqalələrdə aktuallıq, mövcud problemlər, problemlərin həlli yolları, təklif olunan üsullar, eksperiment və nəticələrin öz əksini tapmasının vacibliyi bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.