Elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metod və alqoritmlər işlənilib

08 İyul 2016 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2016-ci il üçün yarımillik hesabatı müzakirə olundu. Təqdimatla çıxış edən sektor müdiri Əfruz Qurbanova şöbədə aparılan elmi-tədqiqat işləri ilə bağlı məlumat verdi. Bildirdi ki, cari ildə şöbədə elektron dövlət  mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metod və alqoritmlər işlənilib.

Terminoloji informatikanın formalaşması problemlərinə toxunan Ə.Qurbanova Azərbaycan terminoloji informasiya sisteminin işlənməsi ilə bağlı görülən işlərdən danışdı. Həmçinin qeyd etdi ki, “web-mining” və veb-saytların optimallaşdırılması problemləri, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri üzrə Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası, internet-medianın formalaşması problemləri üzrə isə internet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Bildirdi ki, şöbədə elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA-nın rəsmi www.science.gov.az portalının və AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların daimi dəstəklənməsi və digər işlər həyata keçirilir.

Sonra sektor müdiri institutun www.ict.az saytının yarımillik fəaliyyəti ilə bağlı hesabatı təqdim etdi. O, cari il üzrə sayta olan müraciətlərin aylar, illər və ölkələr üzrə statistik göstəricilərini, eləcə də “Xəbərlər” bölməsinin statistikasını diqqətə çatdırdı. İnstitutun veb-saytının yeni versiyasının işlənildiyini qeyd etdi.

Məruzəçi həmçinin şöbənin mütəxəssisləri tərəfindən müxtəlif təşkilatların veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işlər, keçirilən şöbədaxili seminarlar, konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işləri, elmi-təşkilati fəaliyyət haqqında məlumat verdi.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd etdi, veb-analitikanın müxtəlif problemlərinin daha dərindən araşdırılmasını tövsiyə etdi. Bu məqsədlə şöbədə Veb-analitika qrupunun yaradılmasının önəmini vurğuladı.

Hesabat ətrafında müzakirələr aparıldı, rəy və tövsiyələr səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.