“Scopus” bazasının elmmetrik indikatorları analiz edilib

01 İyul 2016 - 09:40 | Konfranslar, İclaslar

Son zamanlar jurnalların qiymətləndirilməsi üçün müxtəlif göstəricilərdən istifadə olunur. Alimlərin əməyinin qiymətləndirilməsi də bu göstəricilər arasındadır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzində keçirilən növbəti elmi seminar da məhz “Scopus” bazasının elmmetrik indikatorlarının analizi” mövzusuna həsr olunmuşdur. Məruzəni təqdim edən institutun böyük elmi işçisi Nərmin Adıgözəlova istinad indeksi, impakt faktor, eigenfactor, H-indeksi anlayışları, onların yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki, istinad indeksi müəllif tərəfindən yazılmış əsərə digər müəlliflər tərəfindən neçə dəfə istinad olunduğunu, impakt faktor isə əvvəlki 2 il ərzində jurnalın məqalələrinə olan istinadların sayının həmin illərdə jurnalda çap olunan məqalələrin sayının cəminin nisbətinə bərabər olduğunu göstərir. Onun sözlərinə görə, eigenfactor Vaşinqton Universitetinin professoru Karl Bergstrem və onun həmkarları tərəfindən jurnalların reytinqinin və elmi jurnallara təsirinin ölçülməsi məqsədilə yaradılmışdır. 2005-ci ildə Hirş tərəfindən təklif olunmuş H-indeksi isə alimin h məqaləsinin hər birinə ən azı h dəfə istinad olunduğunu bildirir.

O, həmçinin  Elm və Texnologiyalar üzrə Araşdırma Mərkəzi (The Centre of Science and Technology Studies) tərəfindən jurnal göstəricilərinin hesablanması üçün istifadə olunan istinad mənbələrinin normallaşdırılması indikatoru (SNIP), SJR indikatorları və s. haqqında  ətraflı məlumat verdi, SJR, SNIP və impakt faktor kimi göstəriciləri bir-birindən fərqləndirən xüsusiyyətlər barədə danışdı. 

“Sənədlərin klassifikasiya və kateqoriyalaşdırılması sahələr üzrə aparılır”, – deyə bildirən məruzəçi 26 sahədə qruplaşdırılan 295 predmet sahəsinin mövcud olduğunu söylədi, multidissiplinar sahələri əhatə edən jurnalları diqqətə çatdırdı.

Bildirdi ki, bəzi jurnallar yalnız “Scopus” bazasında indeksləşir və onların tək keyfiyyət göstəriciləri SJR indikatorudur. Heterogen və çətin strukturlaşdırılmış istinad şəbəkələrində “PageRank” (veb-səhifələrin ranqlaşdırılması) metodundan istifadə olunur.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.