AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrarası birgə elmi seminar keçirildi. Öncə çıxış edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev tədbirin e-tullantılar probleminin həlli yolları və e-tullantılar üzrə innovativ texnologiyaların KİV-də təbliği məsələlərinə həsr olunduğunu bildirdi: "Hər bir ölkədə milli informasiya cəmiyyətinin qurulduğu, İKT-nin sürətlə inkişaf etdiyi bir dövrdə müasir texnologiyalar üstünlüklərilə yanaşı, insanların həyatına bir çox problemlər də gətirir. Bunlardan biri də elektron tullantılar problemidir" - deyə bildirən Ə.Əliyev institutda bu məsələyə xüsusi diqqət göstərildiyini, problemin həllinə elmi dəstək məqsədilə müvafiq elmi-tədqiqat işlərinin aparıldığını və həmin sahədəki innovativ texnologiyaların kütləvi informasiya vasitələrində təbliği istiqamətində müəyyən işlərin görülməsinin zəruriliyini qeyd etdi.
O, həmçinin institutda 2014-cü ildə e-tullantı mövzusu üzrə kütləvi təbliğat işlərinin təşkili ilə bağlı görüləcək işləri diqqətə çatdırdı.
Sonra şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev elektron tullantılar problemi, elektron tullantılardan yaşıl İKT-yə doğru və e-tullantıların təhlükəsizliyi məsələlərindən söz açdı. Bildirdi ki, elektron cihaz, qurğu və avadanlıqlarla bərabər elektrik avadanlıqlarından yaranan tullantılar beynəlxalq terminologiyada qısaca olaraq “e-waste” və ya WEEE (Waste Electrical and Electronic Equipment) kimi göstərilir. E-tullantılarda kompüter texnikası həm xüsusi çəkisinə, həm də ziyanlılıq dərəcəsinə görə başlıca yer tutur.
Müzakirələrdə iştirak edən institutun şöbə müdiri Təhmasib Fətəliyev və layihə baş mühəndisi Məkrufə Hacırəhimova e-tullantıların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışdılar. Bu elmi problemin daha dərindən araşdırılması və təbliği, o cümlədən dünya təcrübəsinin öyrənilməsi üçün kompleks işlərin həyata keçirilməsinin zəruriliyini önə çəkdilər.
Sonra institutun sektor müdirləri Rəna Qasımova və Kəmalə Haşımova qeyd etdilər ki, milli maraqların müxtəlifliyi, eko-savadsızlıq, problemin mürəkkəbliyi, təbliğat və maarifləndirmə işlərinin aparılmaması bu problemin həllini çətinləşdirən səbəblərdir.
İnstitutun şöbə müdiri Səyyar Abdullayev ölkəmizdə bu problemin araşdırılması vəziyyəti və həll perspektivlərindən söz açdı. Yaxın gələcəkdə regionlarda tullantıların və WEEE-nin emalı zavodlarının tikilməsinin nəzərdə tutulduğunu dedi.
İnstitutun böyük elmi işçiləri Roza Şahverdiyeva və Elza Yusifova qeyd etdilər ki, son illər dünyanın bir çox ölkələrində utilizasiya və zərərsizləşdirmə sahəsində görülən işlər nəticəsində tullantıların, xüsusilə e-tullantıların emal həcmi artmış, emal dərəcəsi xeyli yüksəlmişdir. Onlar bu istiqamətdə həyata keçirilən innovativ texnologiyaların mahiyyəti və məqsədindən də söz açdılar.
Dəyirmi masada qaldırılan problemlər ətrafında geniş fikir mübadiləsi aparıldı, sual, təklif və iradlar səsləndirildi. Bildirildi ki, oxşar formatda televiziya verilişlərinin təşkili üçün müvafiq qurumlara təkliflərin verilməsi, eyni zamanda KİV-də bu istiqamətdə elmi-populyar məqalələrin yazılması zəruri məsələlərdəndir.