XƏBƏRLƏR

14232

İqtisadiyyatın “yaşıllaşdırılması” qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir

03 İyun 2016 - 11:00 | Müsahibələr, çıxışlar

Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovativ inkişafı, rəqabət qabiliyyətinin artırılması, enerji səmərəliliyinin təmini ilk növbədə iqtisadi artıma istiqamətləndirilsə də, əslində əsas məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifah şəraitinin təmin edilməsidir. Bu məsələ hazırda formalaşdırılmaqda olan informasiya cəmiyyəti iqtisadiyyatının prinsipləri əsasında davamlı inkişafın təmini kimi müəyyənləşdirilmişdir. Bu isə dünya və ölkə miqyasında istehsalın və istehlakın ekolojiləşdirilməsini zəruri edir.

Bu prosesin aktuallığını nəzərə alaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İqtisadiyyatın “yaşıllaşdırılması” problemləri və həlli istiqamətləri” mövzusunda müvafiq elmi-tədqiqat işləri həyata keçirilir. İnformasiya cəmiyyəti iqtisadiyyatının “yaşıllaşdırılması” problemlərinin həlli istiqamətlərinə həsr olunmuş elmi-tədqiqat işi üzrə öyrənilən yaşıl iqtisadiyyatın xüsusiyyətləri, həmin sahədə olan təşəbbüslər və çağırışlar, eləcə də “yaşıl” iqtisadiyyatın əsaslandığı prinsiplər onu göstərir ki, “yaşıllaşdırma” prosesi cəmiyyətin və iqtisadi inkişafın yeni mərhələsidir. Cəmiyyətin bütün sahələrində “yaşıl” təfəkkürün, həyat tərzinin və yeni iqtisadiyyata keçidin zəruriliyi təsdiq edir ki, “yaşıl iqtisadiyyatın” formalaşmasında təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə diqqət yetirilməlidir. Bundan başqa innovativ iqtisadiyyatın “yaşıllaşdırılması” prosesləri və inkişaf problemləri təhlil olunmalıdır. İqtisadiyyatın İKT əsasında “yaşıllaşdırıması” üzrə potensial istiqamətlər göstərilməlidir. İnformasiya iqtisadiyyatının “yaşıllaşdırılması” istiqamətləri və bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilməli və texnologiyalar işlənilməlidir.

5 iyun Ümumdünya Ətraf Mühiti Günü ərəfəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri, dosent Əlövsət Əliyevin rəhbərliyi ilə keçirilən elmi seminarda iqtisadiyyatın “yaşıllaşdırılması” problemləri və həlli istiqamətləri müzakirə olunub. Ə.Əliyevlə “yaşıl” iqtisadiyyatın formalaşması problemləri haqqında müsahibəmizi təqdim edirik.

Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmağın zəruriyyəti nə ilə izah olunur?

– Ölkənin ümumi inkişaf strategiyasında ətraf mühit aspektlərini əhatə edən əsas proqram – “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram hələ 2003-cü ildə qəbul edilmişdir. Həmin proqramın məntiqi davamı kimi 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Konsepsiyada göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcək. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ümumi daxili məhsul istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan zərərli qazların miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaq. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının məntiqinə müvafiq olaraq Azərbaycanda iqtisadiyyatın “yaşıllaşdırılması”, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsi də ciddi məsələlərdəndir.

Ümumdünya Ətraf Mühiti Gününün keçirilməsi nə ilə əlaqədardır?

– 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadimi BMT-nin baş katibinə “Ya biz çirklənməni bitiririk, ya da çirklənmə bizi bitirər” adlı müraciət edib. Bunun nəticəsi olaraq 16 dekabr 1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında BMT-nin yeni təşkilatı – United Nations Enviroment Programme (UNEP) yaradılıb. Həmin sessiyada həmçinin 5 iyun Beynəlxalq Ətraf Mühit Günü elan edilib.

Ümumdünya Ətraf Mühit Günü 1973-cü ildən etibarən hər il bu təşkilat tərəfindən qeyd olunur. Günün əsas məqsədi ətraf mühitin mühafizəsi məsələsinə diqqəti yönəltmək, əhali arasında ekoloji şüurun yüksəldilməsi üçün maarifləndirmə işləri aparmaq və hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyinin vacib olduğunu vurğulamaqdır. Ümumdünya Ətraf Mühiti Gününün qeyd edilməsi üçün 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Bakı şəhəri də mərkəzi şəhər seçilib. Bu, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilir. Lakin ətraf mühitin çirklənməsi və qorunmaması yolunda ölkəmizin bir sıra problemləri vardır. Hesab etmək olar ki, ekoloji balansın pozulmasına və ətraf mühitin çirklənməsinə görə bizim bu günü qeyd etməyimiz üçün daha çox səbəb var.

“Yaşıl” iqtisadiyyatın mahiyyəti və məzmunu haqqında nə demək olar?

– “Yaşıl” iqtisadiyyat iqtisad elmində son onilliklərdə meydana gəlmiş yeni istiqamətdir. “Yaşıl” iqtisadiyyat təbii mühitin bir hissəsi olan, həmçinin ondan asılı olan bir iqtisadiyyatdır. “Yaşıl” iqtisadiyyatın konsepsiyası iqtisad elmində və fəlsəfədə mövcud olan postmodernizm, resursyönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl siyasət və s. kimi bir çox istiqamətlərin ideyalarını özündə birləşdirir.

Bəs “qəhvəyi” iqtisadiyyat termini nəyi bildirir?

– “Yaşıl” iqtisadiyyat (green economy) paradiqmasının əksi olan “qəhvəyi” iqtisadiyyat (brown economy) termini resursların daha çox istifadəsi, aşağı enerji səmərəliliyi, dayanıqlı olmayan enerji qaynaqlarından asılılıq və yüksək dərəcədə iqlim riskinə əsaslanır. Belə ki, havanın və suyun çirkləndiyi, yaşıllıqların azaldığı indiki vaxtda getdikcə mühüm əhəmiyyət qazanan yaşıl iqtisadiyyatın mahiyyəti müntəzəm olaraq  “davamlılıq” şüuru ilə həm ekosistemin, həm də gələcək nəsillərin qeydinə qalmaq, təbiətdəki bütün canlıların əsas həyat haqlarının qorunmasına nail olmaqdır.

OECD, UNEP kimi beynəlxalq təşkilatlar tərəfindən “yaşıl” iqtisadiyyat anlayışı necə qəbul edilir?

– OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl” inkişaf və ya “yaşıl” iqtisadiyyatı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və istehlakını, həmçinin “yaşıl” inkişafa yatırılan investisiyaları nəzərdə tutan bir anlayış kimi qəbul edirlər. Bu baxışda ekoloji davamlılıq təmin edilərkən iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması amilləri ətraflı şəkildə düşünülür.

Beynəlxalq sənədlərdə “yaşıl” sənaye (green industry), “yaşıl” bazarlar (green markets), “yaşıl” məşğulluq (green jobs) və s. terminlər daha geniş istifadə olunur. Alternativ energetika, elektronəqliyyat, bioloji yanacaq və s. kimi ətraf mühitə minimal təsirə malik yeni texnologiyaları nəzərdə tutan “yaşıl” innovasiyalar da tez-tez elmi ədəbiyyatlarda istifadə olunur.

UNEP-in məruzələrində “yaşıl” iqtisadiyyat insanların rifahını yüksəldən və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit üçün riskləri və onun deqradasiyalarını kəskin dərəcədə azaldan iqtisadiyyat kimi təyin olunur. Bu iqtisadiyyat təbii resursların effektiv istifadəsi, təbii kapitalın qorunması və artırılması, çirkləndirmənin azaldılması, ekosistem xidmətlərinin və biomüxtəliflliyin itkisinin qarşısının alınması, gəlirlərin və məşğulluğun artması kimi əsas xüsusiyyətlərə malik olur.

Avropa Birliyi “yaşıl” iqtisadiyyatı necə müəyyən edir?

– Avropa Birliyi yaşıl iqtisadiyyatı davamlı istehsal-istehlak, enerji səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılması və insan rifahının artırılması ilə yaxından əlaqəli şəkildə olan iqtisadiyyat kimi müəyyən edir.

“Yaşıl” iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahının yüksəldilərək yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi “yaşıl” iqtisadiyyatın təməl prinsiplərini meydana gətirir.

Hazırda “yaşıl” iqtisadiyyat anlayışının dəqiq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəbdən ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar. Əslində bugünkü dövrdə “yaşıl” iqtisadiyyatın anlaşılması və ona müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə inkişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq ölkələrin “yaşıl” iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir. Qeyd olunanları ümumiləşdirəndə aydın olur ki, davamlı inkişaf iqtisadi, ekoloji və ictimai inkişaf sütunlarının təməli olan “yaşıl” iqtisadiyyata əsaslanır.

“Yaşıl” iqtisadi sistemə keçid hansı dövrü əhatə edir?

– “Yaşıl” iqtisadi sistemə keçid əsas üç dövrü əhatə edir: I dövr – 2020-ci ilə kimi olan zamanı əhatə edir ki, buraya insanların maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxil edilir. II dövr – 2020-2030-cu illəri əhatə edir ki, burada “yaşıl” iqtisadi sistemin elementlərinin formalaşdırılması nəzərdə tutulur. III dövr - 2030-2050-ci illərə təsadüf edir. Bu dövrdə artıq “yaşıl” iqtisadi sistem bəhrə verir və davamlı inkişaf təmin olunur.

 – “Yaşıllaşdırma”ya cəmiyyətin və iqtisadi inkişafin yeni mərhələsi kimi baxmaq olarmı?

– XXI əsrin əsas prioriteti olan davamlı və insan potensialına əsaslanan inkişafın təmin edilməsində bilik və bacarığın, bunların əsasını təşkil edən İKT-nin, informasiya cəmiyyətinin qarşısında bir çox problemlər dayanır. Müasir dövrün vacib bir istiqaməti biliyə, elm və qabaqcıl texnologiyalara əsaslanan inkişafa xidmət edə bilən vətəndaşların hazırlanmasıdır. 2009-cu ilin sonunda keçirilmiş qlobal iqlim dəyişikliklərinə və bu proseslərlə əlaqədar olan ekoloji və iqtisadi problemlərə həsr edilmiş Dünya sammiti, eləcə də planetin müxtəlif hissələrində müşahidə edilən təbii fəlakətlər göstərdi ki, Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafın təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkür, “yaşıl” düşüncə, “yaşıl” intellektdir. “Yaşıl” iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlara və müasir biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsinin əsas yoludur.

Ümumiyyətlə “yaşıl” həyat tərzi və “yaşıl” davranış barədə nə düşünürsünüz?

– “Yaşıl” həyat tərzi və “yaşıl” davranış barədə insanlar düşünməlidirlər ki, maddi imkanlarla yanaşı, insanların cəmiyyət və gələcək nəsillər qarşısında daşıdığı sosial məsuliyyət də vardır. Sosial məsuliyyət hissinin yüksək olduğu bir cəmiyyətdə fərdi resurslardan istifadə etmək imkanı olan şəxslər bir çox hallarda ictimai resursdan istifadə edilməsinə üstünlük verirlər. Belə sosial məsuliyyətli seçim, “yaşıl” təfəkkür təbii ehtiyatlardan qənaətlə istifadə edilməsinə və ətraf mühitin qorunmasına yönəldilmiş “yaşıl” həyat tərzi şəklində həyata keçirilir. Bu kimi məlumatların yayılması zərurəti, bu istiqamətdə ən müasir bilik və bacarıqların formalaşması İKT üzrə yeni çağırışlar formalaşdırır.

Hazırkı mərhələdə “yaşıl” bilik və bacarıqlar xüsusi əhəmiyyət daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan kadrlar həm peşəkar mütəxəssis, həm də vətəndaş kimi bu çağırışlara cavab verməlidirlər. Gələcək nəsillərin maraqlarına xidmət edən davamlı və uzunmüddətli inkişaf yalnız bu prinsiplər əsasında mütəxəssislərin hazırlanması şəraitində təmin edilə bilər.

“Yaşıl” iqtisadiyyatın formalaşması ilə əlaqədar Azərbaycandakı vəziyyət necədir?

– Azərbaycanın neft sənayesi ilə yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobal iqtisadi inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi qaçılmaz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür.

Ölkədə 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Bu istiqamətdə müxtəlif işlər görülmüş, spesifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat genişlənmişdir. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inkişafına nail olub. Bu sahədə qanunvericilik Avropanın hüquqi tələblərinə uyğun hazırlanıb. Ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün zəmin vardır. Rio və Yohannesburq sammitlərinin qərarlarına uyğun olaraq Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata keçirir. Ekoloji tədbirlər sırasında dövlət proqramlarının və qanunların qəbul edilməsi, yeni idarəçilik prinsiplərinin tətbiqi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis edilməsi, milli park şəbəkələrinin genişləndirilməsi, insanların su ilə təminatının daha da təkmilləşdirilməsi, tullantıların idarəolunması və ətraf mühitin çirklənməsinə qarşı müəyyən fəaliyyətlər vardır.

Kənd təsərrüfatı Azərbaycanda əsas məşğulluq mənbəyidir və iqtisadi diversifikasiya üçün vacibdir. Kənd təsərrüfatı həm də ona görə dəyərlidir ki, bu sahə ərzaq təhlükəsizliyi və bölgələrdə yoxsulluğun azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ekoloji təmiz əkinçiliyi inkişaf etdirmək, onun məhsullarının dünya, xüsusilə Avropa bazarına ixracını genişləndirmək üçün imkanlar genişdir. Azərbaycan hökuməti kənd təsərrüfatına subsidiyalar, lizinq xidmətləri, güzəştli kreditlər və vergi siyasəti formasında yardım edir, geniş əhatəli meliorasiya və irriqasiya tədbirləri həyata keçirir.

“Yaşıl” iqtisadiyyatda “dekaplinq” effektinin əldə olunması nə deməkdir?

– Müasir dövrdə iqtisadi modernləşdirmənin mahiyyəti ətraf mühitin münbitliyi, əlverişliliyi, onun yaxşılaşdırılması və təbii resurslardan səmərəli istifadəyə yönəlmişdir. Dünya səviyyəsində bu məsələ “dekaplinq” prinsipinin realizasiyası kimi səciyyələnir. Bu prinsip insanların artan tələbatlarını ən az təbii resurs hesabına ödəməyi nəzərdə tutur. Bu isə iqtisadi artımın enerji tutumunun, təbiət tutumunun aşağı salınmasını, bərpaolunan enerji mənbələrindən geniş istifadəni, istehsalın ən yeni innovativ texnologiyalar hesabına modernləşdirilməsini tələb edir.

“Yaşıl” iqtisadiyyatın formalaşması üçün “dekaplinq” effektinə nail olunması olduqca əhəmiyyətlidir. Son zamanlar “dekaplinq” termini çox istifadə olunan terminə çevrilmişdir. “Dekaplinq” ekoloji cəhətdən davamlı iqtisadiyyata irəliləyişin strateji əsasıdır. Bununla yanaşı, sosial və iqtisadi inkişafa nail olma resurs istehlakının və ətraf mühitin deqradasiyasının azaldılmasının olduqca aşağı templərinə əsaslanmalıdır. Başqa sözlə “dekaplinq” effekti iqtisadi nəticənin vahidinə resursların daha kiçik miqdarından istifadəni və neqativ ekoloji təsirlərin azalmasını göstərir.

“Dekaplinq”in əldə olunması dövlət siyasətində, özəl şirkətlərin davranışında, elmi-texniki tərəqqinin templərində əhəmiyyətli dəyişikliklər tələb edir. Belə şəraitdə iqtisadiyyatda müasirləşdirmə və innovasiya, resursa qənaət əhəmiyyətli rol oynaya bilər.

“Yaşıl” sənaye iqtisadiyyatından “yaşıl” innovativ informasiya iqtisadiyyatına keçidi necə təsəvvür edirsiniz?

– Müasir dövrdə informasiya cəmiyyətinin formalaşması və elektron dövlət quruculuğu prosesi müxtəlif sahələrdə eıektron hökumət texnologiyalarının tətbiqini, əhaliyə göstərilən elektron xidmətlər şəbəkəsinin genişlənməsini nəzərdə tutur. Fikrimcə, informasiya cəmiyyəti və e-dövlət quruculuğu həm də daha geniş miqyasa malik olmaqla, bütünlüklə ölkənin bütün regionlarının, istehsal və qeyri-istehsal sahələrinin, yerli bələdiyyə idarəetmə strukturlarının fəaliyyətinin, vətəndaş sektoru qurumlarının fəaliyyətinin informasiyalaşdırılmasını əhatə edir. Ona görə də informasiya cəmiyyəti və e-dövlət quruculuğuna həm də cəmiyyətin makro və mikro səviyyədə informasiyalaşdırılması prosesi kimi baxmaq olar. Belə olan halda bütövlükdə informasiya cəmiyyəti və e-dövlət quruculuğunda bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsi labüddür.

Bu halda informasiya qıtlığı probleminin sosial-iqtisadi nəticələri necə ola bilər?

– İnformasiya bolluğu ilə yanaşı, əks məsələ də mövcuddur. Nəqliyyat, kənd təsərüffatı, ticarət, tibb və s. kimi müvafiq sahələrdə ən zəruri informasiyaların vaxtında əldə oluna bilməsi sənaye iqtisadiyyatının “əsl tullantılarını” yaradır və böyük miqdarda vaxt və maliyyə itkisinə səbəb olur. Ona görə də informasiyalaşdırma prosesinin sürətli və güclü inkişaf etməsi arzuolunan haldır və cəmiyyətin inkişafına təkanverici qüvvədir. Eyni zamanda informasiyalaşdırma prosesi sənaye iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilməsi “yaşıllaşdırma” texnologiyalarından biridir.

Tədqiqat işinin ümumi aspektləri və gələcək nəticələri barədə nə deyə bilərsiniz?

– Son illərdə beynəlxalq miqyasda iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən istifadə edilməsi və onun daha təmiz mənbələrdən alınması qlobal məqsəd kimi müəyyənləşdirilib. Bu, həm də digər qlobal problem olan davamlı inkişaf və ekoloji sivilizasiyaya keçidin vacib şərtidir.

XXI əsrin əsas prioriteti olan davamlı və insan potensialına əsaslanan inkişafın təmin edilməsində bilik və bacarığın, bunların əsasını təşkil edən e-dövlət texnologiyalarının, İKT-nin, informasiya cəmiyyətinin qarşısında bir çox problemlər dayanır. Müasir dövrün vacib bir istiqaməti həm də biliyə, elm və qabaqcıl texnologiyalara əsaslanan inkişafa xidmət edə bilən vətəndaşların hazırlanmasıdır. Qlobal iqlim dəyişikliklərinə və bu proseslərlə əlaqədar olan ekoloji və iqtisadi problemlərə həsr edilmiş Dünya sammiti, eləcə də planetin müxtəlif hissələrində müşahidə edilən təbii fəlakətlər göstərdi ki, Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafının təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkür, “yaşıl” düşüncə, “yaşıl” intellektdir. Ona görə də dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyl edən Azərbaycan iqtisadiyyatı və cəmiyyəti paralel olaraq həm postsənaye iqtisadiyyatının “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına nail olmaq, həm də ən müasir yeni texnologiyaları izləmək və tətbiq etməklə informasiya cəmiyyəti iqtisadiyyatının özünün də yaşıllaşdırılmasına nail olmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.