İnstitutun əməkdaşları “Startap Azərbaycan 2016” milli konfransında iştirak ediblər

02 İyun 2016 - 14:00 | Konfranslar, İclaslar
İnstitutun əməkdaşları “Startap Azərbaycan 2016” milli konfransında iştirak ediblər

İyunun 1-də Holiday İnn Otelində “Startap Azərbaycan 2016”nın yekun təqdimat mərasimi və “Azərbaycanın startap ekosistemi: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Təqdimat mərasimində “Startap Azərbaycan 2016” layihəsinin yekunları və eyni adlı müsabiqənin nəticələri haqqında təqdimatlar olunub. “Startap Azərbaycan” müsabiqəsinin finalçıları elan olunub. Onlara mükafatlar və qiymətli hədiyyələr təqdim edilib.

Məlumat üçün bildirək ki, bu il müsabiqəyə 45 startap layihəsi müraciət etsə də, qaydalara uyğun olan 20 layihə müsabiqəyə qəbul edilib. İki mərhələli qiymətləndirmə keçirilib və qaliblər 10 yarımfinalçı startap arasından seçilib.

Ənənəvi “Startap Azərbaycan 2016” konfransının məqsədi ölkədə milli startapların inkişafına, ümumiyyətlə internet-biznesə dəstək və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələrin aparılmasıdır. Müzakirələrin yekununda hazırlanmış təkliflər müvafiq qurumlara təqdim ediləcək.

Yekun tədbirlərdə və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər – startap komandaları, dövlət qurumları, elmi-tədqiqat institutları və texnoparkların nümayəndələri, investorlar və İT-şirkətlər, mentorlar və ekspertlər diskussiya aparıb və əməkdaşlıq əlaqələrinin qurulması üçün real imkanlar yaradılıb.

İnstitutun əməkdaşları şöbə müdiri, dosent Əlövsət Əliyev və sektor müdiri Rasim Mahmudov milli konfransın işində iştirak edib, təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir