XƏBƏRLƏR

10290

Azərbaycanda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

24 May 2016 - 13:00 | Konfranslar, İclaslar

Müasir dövrdə insan sağlamlığının keşiyində duran səhiyyə sisteminin, tibb elminin inkişafı istənilən ölkənin dayanıqlı inkişaf strategiyasının başlıca hədəflərindəndir. Elmi-texniki tərəqqinin vüsət aldığı bir zamanda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ilə elektron tibbin inkişaf etdirilməsi, mövcud problemlərin həllidir. Hazırda dünyada səhiyyənin informasiyalaşdırılması, e-tibb xidmətlərinin keyfiyyətinin artırılması üçün mühüm tədbirlər görülür.

Azərbaycanda da bu istiqamətdə müvafiq işlər aparılır. Bu gün səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulması, tibdə qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin həlli istiqamətində əməli addımlar atılır, dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq əlaqələri yaradılır, birgə layihələr reallaşdırılır.

Mayın 24-də AMEA Rəyasət Heyəti, AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı da elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkili məqsədlərinə xidmət edirdi.

AMEA-nın Əsas binasının Dairəvi zalında keçirilən tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları və tibb sahələri üzrə aparıcı alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Konfransı giriş nitqi ilə AMEA prezidenti, akademik Akif Əlizadə açdı. AMEA rəhbəri e-tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirdi. E-tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirdi, bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Akademik səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunmuş nailiyyətlərə əsaslanmaq, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu bildirdi. İKT-nin müxtəlif sferalarda, o cümlədən tibdə tətbiqinin Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirildiyini qeyd edən A.Əlizadənin sözlərinə görə, dövlət başçısının rəhbərliyi və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın humanist təşəbbüsləri sayəsində ölkədə səhiyyə sisteminin inkişafı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

A.Əlizadə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas istiqamətlərindən birinin də məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu qeyd etdi.

AMEA prezidenti akademiyada bu istiqamətdə aparılan elmi tədqiqatlardan söz açaraq bildirdi ki, prioritet elmi istiqamətlər sırasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmaların aparılması əsas hədəflərdəndir: “Buna misal olaraq, kök hüceyrə, molekulyar biologiya və təbabət, tibdə kompüter texnologiyaları, yeni dərman texnologiyaları və s. kimi müasir elmi istiqamətləri göstərmək olar”. Ölkədə biotibbi informatika, elektron tibb problemləri ilə bağlı ayrı-ayrı elmi mərkəzlərdə tədqiqatlar aparıldığını, müxtəlif klinikalarda elektron tibbin formalaşdırılması istiqamətində praktiki işlərin həyata keçirildiyini və bir sıra nailiyyətlərin əldə olunduğunu bildirən alim eyni zamanda, bu istiqamətdəki tədqiqatlarla bağlı bir sıra təşkilati və metodoloji problemlərin mövcud olduğunu da söylədi.

AR Səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlərdən bəhs etdi. Bildirdi ki, bu istiqamətdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

Nazir müavini 2007-ci ildən tətbiq olunan “Elektron sağlamlıq kartı” sistemi haqqında ətraflı məlumat verərək hazırda bu sistemdən 600-dən çox tibb müəssisəsində istifadə edildiyini bildirdi. Bu günədək 1 milyon körpənin elektron sağlamlıq kartı ilə təmin olunduğunu qeyd edən natiq həmçinin doğum haqqında şəhadətnamələrin, sürücülük vəsiqəsi üçün tibbi arayışların, digər müvafiq sənədlərin onlayn olaraq təqdim edildiyini söylədi.

E.Ağayev qeyd etdi ki, artıq 20 dövlət xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları vahid informasiya sisteminə qoşulub. Fəaliyyətin səmərəliliyinin artırılması üçün gələcəkdə digər tibb müəssisələrinin də bu sistemə qoşulması nəzərdə tutulur. O, e-tibbin Elektron Azərbaycanın tərkib hissəsi olduğunu qeyd edərək bu sahənin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görülən işləri diqqətə çatdırdı.

AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkədə səhiyyə və tibb elminin inkişafına göstərilən qayğıdan söz açdı. Son zamanlar səhiyyə sistemində uğurlu islahatlar aparıldığını qeyd edən akademik Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söylədi. Səhiyyə Nazirliyinin elmi müəssisələrində, o cümlədən Milli Onkologiya Mərkəzinin nəzdindəki Nüvə Təbabət Mərkəzində ən son texnologiyaların tətbiq edildiyini diqqətə çatdırdı.

Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Akademiyada biotibb sahəsinin inkişaf tarixindən bəhs edərək, hələ keçən əsrin 70-ci illərindən başlayaraq akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bioinformatika məktəbinin əsasının qoyulduğunu vurğuladı. Azərbaycanda e-elmin inkişaf etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompüter texnologiyalarının böyük imkanlar vəd etdiyini söyləyən Ə.Əmiraslanov herontologiya, kök hüceyrələri sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd etdi. Alim AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasında mühüm addımlardan olduğunu bildirdi.

Akademik həmçinin biotibb sahəsində elmi kadrların hazırlanmasının ən böyük problemlərdən olduğunu dedi. Onun sözlərinə görə, informatika və riyaziyyat üzrə gənc mütəxəssislərin biotibb sahəsində tədqiqatlara cəlb olunması, xarici təhsildə seçim edərkən bu sahələrə üstünlük verilməsi problemin həlli istiqamətində vacib amillərdəndir. Natiq ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə yüksək texnologiyaların tətbiqi ilə biotibb sahəsində biliklərin tədrisinin gücləndirilməsinin zəruriliyini ifadə etdi.

Xarici elmi mərkəzlər ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərinə də toxunan Ə.Əmiraslanov ABŞ, Cənubi Koreya, İngiltərə və s. kimi dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanmağın, davamlı əlaqələrin qurulmasının zəruriliyini bildirdi.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli “Tibbi təhsildə kompüter texnologiyaları” adlı məruzə ilə çıxış edərək “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər) qəbul olunmasını ölkəmizdə İKT-nin tətbiqi istiqamətində atılmış əhəmiyyətli addım kimi qiymətləndirdi. Bildirdi ki, cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi, ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası Milli Strategiyanın əsas vəzifələrindəndir.

Müasir dövrdə informasiya texnologiyalarının tibb elminə və tibbi praktikaya tətbiqinin prioritet istiqamətlərdən olduğunu söyləyən G.Gəraybəyli Azərbaycan Tibb Universitetində e-tibbin formalaşması ilə bağlı qarşıda duran vəzifələrdən söz açdı. Son illər universitetdə aparılan islahatların elektron tibbin bir çox baza elementlərinin yaradılması və geniş tətbiqinə şərait yaratdığını qeyd etdi. Universitetin yeni yaradılan klinikalarında istifadə olunan innovativ texnologiyalar, müasir tibbi avadanlıqlar, klinikaların məlumatlarının saxlanılması və idarə olunması üçün tətbiq edilən proqramlar haqqında geniş məlumat verdi.

Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Akademik e-tibbin e-hökumətin tərkib hissəsi olduğunu qeyd edərək bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıdığını nəzərə çatdırdı. E-tibbin texnoloji, iqtisadi, demoqrafik, psixoloji, hüquqi, etik və s. aspektlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdi. R.Əliquliyev İnformasiya cəmiyyəti məsələləri üzrə Tunis Dünya Sammiti, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Ümumdünya Səhiyyə Təşkilatının e-səhiyyəyə dair sənədlərində e-tibbin çoxaspektli problemlərinə xüsusi yer verildiyini diqqətə çatdırdı.

İnstitut direktoru rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində e-tibb sahəsində həyata keçirilən tədqiqatlardan söz açaraq bildirdi ki, e-tibbin formalaşması istiqamətində dünyanın aparıcı elmi mərkəzlərində aparılan araşdırmaların vəziyyəti təhlil olunub, elmi-nəzəri və praktiki problemlər identifikasiya edilib. Alim molekulyar biologiya və tibb, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılmasının, e-tibdə Big Data və Data Mining texnologiyalarının tətbiqi imkanlarının öyrənilməsinin zəruriliyini vurğuladı.

R.Əliquliyev həmçinin e-tibbin sürətli inkişafının təmin olunması üçün tibbi informatika ixtisası üzrə mütəxəssis və elmi kadrların hazırlanması, bu sahəyə dair dərslik və dərs vəsaitlərinin məzmununun yenilənməsi, tibb işçilərinin İKT biliklərinin artırılması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini də qeyd etdi.

“Ölkədə e-tibbin formalaşması və inkişafına dair dövlət proqramının işlənilməsi və həyata keçirilməsinə böyük ehtiyac vardır. Qeyd olunan problemlərin araşdırılması üçün ölkəmiz böyük intellektual potensiala malikdir”, – bildirən natiq ölkənin müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səslədi.

Tədbirdə həmçinin AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev “Elektron sistemlər”, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri”, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov “Təbabətdə informasiya texnologiyaları və ölkədə həllini gözləyən problemlər” mövzusunda məruzələrlə çıxış etdilər. Elektron tibbin elmi-nəzəri və praktiki problemlərindən bəhs edilərək, onların həlli üçün yeni imkanların yaranması baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyi bildirildi.

Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirdi. “Tibdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” seksiyaları üzrə elektron tibbin formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və s. mövzularda 75 məruzə təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.