AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminarda insitutun böyük elmi işçisi Roza Şahverdiyeva “İKT-texnoparklarının idarə olunmasının sosial problemləri” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi texnoparklar və onların sosial məsələlərin həllində rolu, texnoparklarda sahibkarlıq fəaliyyəti, onların idarə edilməsində mövcud problemlər haqqında ətraflı məlumat verdi, texnoparklarda innovativ layihələr, burada innovativ mühiti xarakterizə edən göstəricilərin və texnoparkların informasiya təminatı sistemlərinin işlənilməsi məsələlərindən söz açdı. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və AMEA-nın yeni Nizamnaməsində bu məsələlərə xüsusi yer verildiyini diqqətə çatdırdı.
R.Şahverdiyeva texnoparklarda intellektual sistemlərin tətbiqi, innovasiya və elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, insan faktorunun rolunun artırılması, müştərinin tələbatına istiqamətlənmiş innovasiya xidmətləri, yeni İKT-nin işlənilməsi, alim və yüksəkixtisaslı mütəxəssislərin potensialından effektiv istifadə, texnoloji modernləşdirmə və informasiya təminatının təkmilləşdirilməsinin prinsipcə həm də gələcəyin innovativ elmi-tədqiqat və istehsal müəssisəsinin əsas inkişaf istiqamətləri olduğunu qeyd etdi.
O, bildirdi ki, “Avropa 2020” strategiyasının da əsas məqsədi məhz iqtisadi dayanıqlılıq, intellektual potensialın yüksəldilməsi, sosial inkişafa nail olmaqdır. Kompleks tədbirlər proqramında investisiyalarda dövlət və özəl sektorun payının artırılması, səmərəli enerji siyasətinə nail olunması, ekoloji-iqtisadi idarəetmənin təkmilləşdirilməsi, alternativ enerji mənbələrindən istifadə səviyyəsinin artırılması, sosial yardıma ehtiyacı olanlar üçün mobil texnologiyaların işlənilməsi kimi mühüm məsələlərə geniş yer ayrılmışdır.
“Texnoparklar iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreativ insan resursları üçün əlverişli şəraitin yaradılması, innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, yüksəkixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, innovasiya şirkətlərinin formalaşdırılması, təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, regionların sosial-iqtisadi inkişafına dəstək, sosial problemlərin həllinə kömək, elmtutumlu məhsulun kiçik seriyalarla istehsalı, onun yerli və xarici bazarlarda satışı məqsədilə yaradılır”, – deyə R.Şahverdiyeva qeyd etdi.
Onun sözlərinə görə, texnoparklarda sosial inkişaf siyasəti insan resurslarının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn siyasətdir. Texnoparklarda sosial-iqtisadi inkişaf sosial münasibətlərin formalaşmasında yeni və daha əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Sosial inkişafın dayanıqlılıq səviyyəsinin yüksəldilməsi, mütəxəssislərin sağlamlıq və sosial rifahının artırılması, iş şəraitinin yaxşılaşdırılması, mütəxəssislərin sosial-psixoloji şəraitinin təkmilləşdirilməsi texnoparkın sosial inkişafının tərkib elementləridir.
Texnoparkların fəaliyyətinin respublikanın sosial mühitinə təsirindən söz açan R.Şahverdiyeva onların iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin elm, təhsil və mədəniyyət sahələrində dayanıqlı inkişafına nail olmaq, işsizlik səviyəsinin azalmasına dəstək, yüksəkixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, regional inkişaf səviyyəsinin yüksəldilməsi, startap layihələrinin inkişafına və gənclərin intellektual potensialının formalaşmasına dəstək göstərilməsi, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində mühüm rol oynadığını nəzərə çatdırdı.
Məruzəçi texnoparklarda sahibkarlıq fəaliyyətinin əsas problemlərini və inkişaf istiqamətlərini diqqətə çatdırdı. O, bildirdi ki, texnoparkın qeydiyyat şəhadətnaməsini alaraq orada fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs texnoparkın rezidenti kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparklar haqqında Əsasnaməyəvə idarəedici təşkilatla bağladığı müqaviləyə əsasən həyata keçirir.
O, texnoparkların idarə edilməsində mövcud olan digər kompleks xarakterli problemlərdən də danışaraq qeyd etdi ki, bu sahədə inkişaf strategiyasının işlənilməsi, elm-təhsil-biznes əlaqələrinin inteqrasiyası üzrə fəaliyyətin təşkili, innovasiya mühitinin formalaşdırılması, regional və beynəlxalq əlaqələrin təşkili, personalın motivasiyası, elmi-tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması, dövlət və maliyyə strukturları ilə əlaqələrin qurulması, sosial-iqtisadi məqsədlərin və münasibətlərin təşkili, texnoparkın təşkilati idarəetmə mexanizmlərinin, eləcə də informasiya təminatı sisteminin işlənilməsi zəruridir.
R.Şahverdiyeva həmçinin texnoparkların təşkilati strukturu, fəaliyyət sahələri üzrə ixtisaslaşması, onların idarə edilməsi sisteminin funksiyaları, texnoparklarda innovativ layihələr, onların qiymətləndirilməsi və seçilməsi haqqında geniş məlumat verdi. O, bildirdi ki, akademik elmi-tədqiqat qurumu kimi İnformasiya Texnologiyaları İnstitutunun bir çox sahələrdəki kompleks fəaliyyəti gələcəkdə onun bazasında texnoparkların yaradılmasına əsas verir.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.