Tibbi təyinatlı veb-saytların problemləri araşdırılıb

18 May 2016 - 16:00 | Konfranslar, İclaslar

Məlumdur ki, internet çoxsaylı informasiya mənbələrinə azad və sürətli girişi təmin edir. Elm və texnika, ədəbiyyat və incəsənət, iqtisadiyyat, siyasət, gündəlik məişət və s. kimi fəaliyyət sahələri üzrə insanların marağına səbəb olan bir çox məsələlər veb-saytlarda öz əksini tapmışdır. Tibb də belə sahələrdən biridir. İnternetdə istifadəçilərin müxtəlif kateqoriyaları – həkimlər, pasiyentlər, səhiyyə təşkilatçıları, elmi işçilər, sığorta şirkətləri və s. üçün maraq kəsb edən, tibb sahəsinə aid olan çoxsaylı materiallara rast gəlmək mümkündür.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar da məhz “Tibbi təyinatlı veb-saytlar: əhəmiyyəti, problemləri və onların həlli yolları” mövzusuna həsr olunmuşdur.

Məruzəni təqdim edən 16 saylı şöbənin müdiri Gülnarə Nəbibəyova veb-texnologiyaların inkişaf mərhələləri olan Veb 1.0, Veb 2.0 və Veb 3.0-ın tibbi təyinatlı veb-saytlara təsiri, tibbi təyinatlı veb-saytların təsnifatlaşdırılması, HON təşkilatı və HON kodeksinin əsas prinsipləri haqqında ətraflı məlumat verdi.

Veb-texnologiyaların inkişafının tibbi təyinatlı veb-saytlara öz təsirini göstərdiyini söyləyən məruzəçi veb-texnologiyaların inkişaf mərhələlərinin internetdə daim dəyişən ümumi təsəvvürün – dizayn, struktur, məlumatların sayta yerləşdirilməsi və s. təmin olunması məqsədilə tətbiq edildiyini vurğuladı.

Tibbi təyinatlı veb-saytların istifadəçilərin tipi (hədəf auditoriyası) və sayta olan müraciətlərin məqsədinə görə fərqləndirildiyini qeyd edən G.Nəbibəyova bu saytlara pasiyentlər, müalicə-diaqnostik bölmələr və səhiyyə təşkilatları üzrə mütəxəssislər, maliyyə-təsərrüfat və kadr xidmətlərinin mütəxəssislərinin xəstəliklərin müalicəsi və profilaktiki vasitələr, iş axtarışı, məlumat əldə etmək, ünsiyyət qurmaq və s. məqsədlərlə müraciət etdiklərini diqqətə çatdırdı.

G.Nəbibəyova BMT-nin İqtisadi və Sosial Şurasında akreditə olunmuş qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan HON (Health On the Net Foundation – İnternetdə Sağlamlıq Təşkilatı) haqqında ətraflı məlumat verərək bildirdi ki, təşkilatın məqsədi internetdə etibarlı tibbi informasiyanın təqdim olunmasına nəzarət etmək və istifadəçilərə böyük həcmli tibbi informasiyalardan istifadə etməyə kömək etməkdir. Onun sözlərinə görə, bu təşkilat internetin köməyi ilə pasiyentlər, peşəkarlar və geniş ictimaiyyətin ən yeni və aktual tibbi məlumatlara girişinin sadələşdirilməsi məqsədilə tibbi informasiyanın yayılmasına dəstək verir.

HON kodeksinin əsas prinsiplərindən danışan G.Nəbibəyova qeyd etdi ki, bu kodekslərə müəlliflik, saytın hədəfi, məxfilik, sənədləşdirmə, iddiaların əsaslandırılması, əlaqə məlumatları, maliyyə mənbələri, reklam siyasəti daxildir.

Məruzəçi, həmçinin Azərbaycanda fəaliyyət göstərən tibbi təyinatlı veb-saytlar haqqında statistik məlumatları diqqətə çatdıraraq ölkənin aktiv və qeyri-aktiv tibbi təyinatlı veb-saytları barədə məlumat verdi, aktiv veb-saytların müxtəlif göstəricilər üzrə monitorinqini təqdim etdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.