Ölkədə elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfransa hazırlıq işləri görülür

13 May 2016 - 11:20 | Konfranslar, İclaslar

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elektron səhiyyənin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi, tibb işçiləri və pasiyentlərin İKT-nin imkanlarından istifadə etməklə ən son tibbi məlumatları əldə etmələrinin təmin olunması, hər kəs üçün vaxtında, əlçatan və effektiv tibbi xidmətin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi öz əksini tapmışdır.

Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün müvafiq sahələr üzrə fundamental tədqiqatların aparılması, müasir vəziyyətin və mövcud problemlərin araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və s. zəruridir. Bu baxımdan mayın 24-də AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı mühüm əhəmiyyətə malikdir.

Mayın 12-də AR Səhiyyə Nazirliyində e-tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfransa hazırlıq məqsədilə dəyirmi masa keçirildi. Tədbirdə AR Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının üzvləri və AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi iştirak edirdi.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə tədbir iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi adından salamladı.

“Qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasında mühüm yer tutur. Belə inkişafın əsas dayaqlarından biri də məhz İKT-dir”, – deyə bildirən R.Əliquliyev hazırda ölkədə Prezident İlham Əliyev tərəfindən İKT-nin cəmiyyətin müxtəlif sferalarında, o cümlədən tibdə geniş tətbiqi məsələlərinə xüsusi diqqət yetirildiyini, bu sahədə məqsədyönlü tədbirlər görüldüyünü diqqətə çatdırdı.

Alim son zamanlar tibdə İKT-nin tətbiqi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasında aparılan genişmiqyaslı islahatlardan söz açdı. Bildirdi ki, müasir dövrdə Azərbaycan elminin əsas istiqamətlərindən biri kimi e-tibbin elmi-nəzəri problemlərinin araşdırılması vacibdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti e-tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk respublika elmi-praktiki konfransının keçirilməsi haqqında qərar qəbul etmişdir.

Akademikin sözlərinə görə, konfransın əsas məqsədi respublikada tibb və İKT sahələrində fəaliyyət göstərən elm və təhsil müəssisələrində aparılan tədqiqatların sistemləşdirilməsi, mövcud problemlərin həlli üçün birgə əməkdaşlıq, eləcə də informasiya cəmiyyəti kontekstində e-tibbin multidissiplinar problemlərinin elmi ictimaiyyətə çatdırılmasıdır.

R.Əliquliyev konfransda 2 istiqamət – tibbin İKT problemləri və İKT-nin yaratdığı tibbi problemlər üzrə bir sıra mühüm məsələlərin müzakirə olunacağını bildirdi. Qeyd etdi ki, tibbin İKT problemlərinin araşdırılması qərarların qəbul edilməsi və düzgün müalicənin aparılmasında mühüm rol oynayır. Hazırda İKT cəmiyyətdə psixoloji pozğunluq, göz xəstəlikləri kimi bir sıra problemlərin yaranmasına səbəb olur. Bu problemlərin qarşısının alınması üçün də əsaslı tədqiqatların aparılmasına ehtiyac vardır.

Akademik e-tibbə dair beynəlxalq qurumların və xarici ölkələrin təcrübəsi, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar, yeni çağırışların öyrənilməsi və əldə olunan zəruri biliklərin ölkədə tətbiqi perspektivlərinin araşdırılmasının önəmini vurğuladı. Tibb müəssisələrində İKT biliklərinin tədrisi ilə bağlı əlavə tədbirlər görülməsinin, bu sahədə peşəkar kadr hazırlığının zəruriliyini qeyd etdi.

R.Əliquliyev elmi müəssisələrdə bu sahə üzrə aparılacaq fundamental tədqiqatların e-tibbin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına təkan verəcəyinə əminliyini ifadə etdi.

Sonra AR Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri, professor Oqtay Seyidbəyov çıxış edərək tibdə İKT-nin tətbiqi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının zəruriliyindən söz açdı. Gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, e-tibbin müxtəlif problemlərinin müzakirəsi üçün tibb və İKT sahələri üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.