İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

28 Aprel 2016 - 16:00 | Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində elmi-tədqiqatlar aparmaqla yanaşı, bu sahədə qabaqcıl şirkətlərlə əməkdaşlıq edir. Aprelin 28-də İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi ilə Polşanın “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və şirkətin icraçı meneceri Xəyalə Abdullayeva arasında görüş keçirildi.

Görüşdə şirkətin antiplagiat sistemi təqdim olundu. Ə.Təhməzov çıxış edərək bildirdi ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və insanların intellektual mülkiyyətindən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır: “Müxtəlif elmi-tədqiqat müəssisələrində plagiatlığın aradan qaldırılması üçün elmi işlərdə plagiatı aşkar edən effektiv alətlərdən istifadə və şəffaflığın təmin edilməsi tələb olunur. Şirkətin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilmiş proqram məhsullarının müxtəlif elektron tədris sistemləri ilə inteqrasiya imkanları da mövcuddur”.

Məruzəçi alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu söylədi. Şirkətin hazırladığı “StrikePlagiarism” sisteminin müxtəlif mətnlərdən köçürülmüş fraqmentləri aşkar etməyə imkan verdiyini bildirdi.

Ə.Təhməzovun sözlərinə görə, “Plagiat.pl” şirkəti Polşa və digər ölkələrdə plagiatlıq problemlərinə dair bir çox elmi tədbir və konfranslar təşkil edir. Şirkət Polşa Akkreditasiya Komitəsi, eləcə də Polşanın Elm və Ali Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

O, qeyd etdi ki, şirkətin məhsullarına orta məktəblər üçün antiplagiat sistemi, ali təhsil müəssisələri üçün elektron arxiv və piratçılıqla mübarizədə monitorinq xidmətləri daxildir.

Şirkətin dünya üzrə bu sahədə fəaliyyət göstərən qurumlar arasında ilk üçlükdə yer aldığını diqqətə çatdıran Ə.Təhməzov Polşa, Rumıniya, Moldova, Almaniya və Kolumbiyanın bir çox təhsil və tədris müəssisələrində bu sistemin geniş tətbiq olunduğunu vurğuladı.

“StrikePlagiarism” sistemindən 2015-ci ildən etibarən Azərbaycan dilində istifadənin mümkün olduğunu söyləyən məruzəçi artıq ölkənin bir sıra ali təhsil müəssisələrində bu sistemdən istifadə olunduğunu qeyd etdi. Sonra Ə.Təhməzov sistemin iş prinsipi və üstünlükləri haqqında ətraflı məlumat verdi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim olunmuş sistemi yüksək qiymətləndirdi, milli antiplagiat sisteminin yaradılmasının zəruriliyini vurğuladı. Bu kimi sistemlərin elmi-tədqiqat və təhsil müəssisələrində tətbiqinin plagiatlıqla mübarizə baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı.

Akademik institutda antiplagiat sahəsində aparılan elmi-tədqiqatlar haqqında məlumat verdi. Antiplagiat sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində iki qurum arasında geniş əməkdaşlıq perspektivləri olduğunu vurğuladı.

Sonra birgə seminar və treninqlərin təşkili istiqamətində müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.