İnstitutun Tədris-İnnovasiya Mərkəzinin veb-saytı yaradılır

01 Aprel 2016 - 09:12 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin (TİM) veb-saytının yaradılması məsələsi müzakirə olundu. Bildirildi ki, veb-saytın yaradılmasında əsas məqsəd Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri, burada həyata keçirilən müxtəlif innovativ layihələr, göstərilən xidmətlər və təşkil olunan treninqlər, kurslar, sertifikatlaşdırma və s. haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Qeyd olundu ki, TİM-in veb-saytında respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi, imtahanların qəbulu, qaydalar və tələb olunan sənədlər, AMEA-nın doktorant və dissertantlarının fəlsəfə üzrə doktorluq imtahanları, AMEA-nın doktoranturasına fəlsəfədən qəbul imtahanları, AMEA-nın magistrantlarına informatika və ümumi fənlər üzrə dərslərin tədrisi və semestr imtahanları, imtahan prosesinə test texnologiyalarının tətbiqi, görülən işlərlə bağlı hesabatlar, eləcə də mərkəzdə keçirilən tədbirlər, görüşlər haqqında ətraflı məlumat veriləcək.

TİM-in kadr və texniki təminatı, informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif istiqamətləri üzrə mərkəzin əməkdaşları tərəfindən aparılan fundamental elmi-tədqiqatlar, onların müəllifi olduqları kitablar, Azərbaycan Respublikası Prezidenti və AMEA Rəyasət Heyəti tərəfindən İKT sahəsində qəbul edilmiş rəsmi sənədlər və institutla əlaqədar qərarlar, eləcə də dünya və ölkə üzrə İKT məkanında baş verən texnoloji yeniliklər, əldə edilən nailiyyətlər veb-saytda öz əksini tapacaq.

Tədris-İnnovasiya Mərkəzinin nəzdindəki Distant Tədris Mərkəzi, Viki-Mərkəz və Olimpiya Mərkəzinin fəaliyyəti, institutun hər il təşkilatçılarından biri olduğu “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” və “Orta məktəb şagirdləri arasında İnformatika Layihə Olimpiadası” ilə bağlı məlumatlar işıqlandırılacaq.

Mərkəzin müxtəlif təşkilatlar, İT-şirkətlər, kurslar və universitetlərlə əməkdaşlıq, o cümlədən beynəlxalq əməkdaşlıq münasibətlərinə dair məlumatların “Əməkdaşlıq” bölməsində, burada keçirilən mühüm tədbirlər haqqında foto və video informasiyanın “Fotoqalereya”, “Videoqalereya” bölmələrində öz əksini tapması nəzərdə tutulur.

Veb-saytda, həmçinin tədris proqramları, mühazirələr, məqalələr, kitablar və müxtəlif resursların asanlıqla əldə edilməsi üçün “E-resurslar” bölməsi və müvafiq linklər yer alacaq.

Mərkəzin əməkdaşı Raqif İsmayılovun bildirdiyinə görə, veb-sayt cəlbedici dizayna malik olacaq və onun ilkin versiyası yaxın zamanda müzakirəyə təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.