Ölkədə “Elmi problemlər reyestri” yaradılacaq

07 Mart 2016 - 14:00 | Mühüm hadisələr

AMEA Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (RETƏŞ) üçün “Elmi problemlər reyestri” informasiya sisteminin və veb-saytın, o cümlədən Elmi problemlər üzrə elmi şuraların veb-saytlarının yaradılması və istismarı məsələləri müzakirə olunub. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri Təhmasib FətəliyevGülnarə Nəbibəyova, həmçinin 16 və 3 saylı şöbələrin əməkdaşları iştirak edirdilər.

Akademik R.Əliquliyev RETƏŞ-in fəaliyyətindən bəhs edərək bildirib ki, şura Azərbaycan elminin inkişaf strategiyasına uyğun yaradılmış və respublikada bütün elmi-tədqiqat və ali təhsil müəssisələrində müxtəlif elm sahələri üzrə aparılan fundamental və tətbiqi tədqiqatların əlaqələndirilməsinə, istiqamətləndirilməsinə və həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqandır. Bu qurum respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində fundamental və tətbiqi tədqiqatların aparılması, sahələrarası kompleks elmi-texniki proqramların işlənilməsinə dair fəaliyyətinin əlaqələndirməsi, elmin və innovativ tərəqqinin yeni istiqamətlərinin müəyyən edilməsi, elmi, texnoloji və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasının təşkilinə və s. xidmət edir.

“Müasir informasiya texnologiyaları elmi fəaliyyət, onun təşkili və idarə olunması məsələləri üçün geniş imkanlar açmışdır”, – deyə bildirən akademik “Elmi problemlər reyestri” informasiya sisteminin və qeyd olunan müvafiq veb-saytların yaradılması və idarə olunmasının vacib məsələlərdən olduğunu söyləyib, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb: “İnformasiya əsrində istənilən qurum üçün bu kimi informasiya resurslarının yaradılması və istismarı zəruridir. Bu, resurslarda müntəzəm olaraq öz əksini tapan məlumatların analizi ilə elmin idarə olunmasına dəstək verilməsi məqsədi daşıyır”.

Onun sözlərinə görə, informasiya sisteminin yaradılması respublikada fəaliyyət göstərən elmi qurumlarda tədqiq olunan elmi problemlərin vahid reyestrdə saxlanılması baxımından mühüm rol oynayır.

Tədbirdə “Elmi problemlər reyestri” informasiya sisteminin strukturu, giriş informasiya sorğularının məzmunu, toplanması yolları, çıxış hesabat formaları və onların təqdim olunma vasitələri və digər layihələndirmə məsələləri müzakirə olunub.

Sonra RETƏŞ və 16 Elmi problemlər üzrə elmi şuranın veb-saytlarının ilkin variantı əyani olaraq nümayiş olunub. “Elmi problemlər reyestri” informasiya sisteminin, layihələndirilən veb-saytların istismarı ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.