E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, informasiya cəmiyyətinin formalaşmasının multidissiplinar problemləri, eləcə də “Vahid rəqəmsal bazar” konsepsiyasının reallaşdırılması, Əşyaların İnterneti və sosial medianın aktual elmi-nəzəri problemlərinin araşdırılması nəzərdə tutulur. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov 17 saylı şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib.
R.Mahmudov cari ildə viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, viki-mühitdə böyük verilənlərlə bağlı problemlərin Big Data texnologiyaları vasitəsilə həlli yolları, viki-texnologiyaların elektron kitabxanalara tətbiqi perspektivləri, viki və bulud texnologiyalarının oxşar və fərqli cəhətlərinin tədqiq olunacağını diqqətə çatdırıb.
Sektor müdiri qeyd edib ki, şöbədə milli İnternetskopiya sisteminin işlənməsi, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi, intellektual elektron dərsliklərin yaradılması və proqram məhsullarının informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi üzrə elmi araşdırmalar aparılır.
Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açan R.Mahmudov Viki-Mərkəz layihəsi üzrə həyata keçiriləcək tədbirlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının Vikipediya ensiklopediyasının müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanması məqsədilə treninqlərin təşkili, vikimetrik tədqiqatların aparılması, Azərbaycanla bağlı kontentin Vikipediyaya daxil edilməsi, informasiya müharibəsi hadisələri və faktları haqqında məlumatların aşkarlanması nəzərdə tutulur.
Məruzəçinin sözlərinə görə, şöbənin əməkdaşları tərəfindən doktorant və dissertantlara “Vikipediya virtual ensiklopediyası”, “İnformasiya müharibəsi texnologiyaları”, “İnformasiya cəmiyyətinin əsasları”, “İnternetin tənzimlənməsi problemləri” mövzularında mühazirələr oxunur, “Beynəlxalq elmi bazalara çıxış imkanları və məqalələrin çap etdirilməsi texnologiyası” mövzusunda seminar və treninqlər keçirilir.
R.Mahmudov “Sosial medianın multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransının təşkili işləri haqqında da məlumat verib. Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlərdən söz açaraq Rusiyanın İnformasiya Cəmiyyətinin İnkişafı İnstitutu, Estoniyanın E-idarəçilik Akademiyası, Çex Respublikasının Hradec Kralove Universiteti və Brno Texnoloji Universiteti, Türkiyənin İstanbul Bilgi Universiteti və Yaşar Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb.
Həmçinin elmi-təşkilati fəaliyyət, elmi-texniki konfranslarda iştirak, beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, əldə olunmuş nəticələrin КİV-də təbliği və s. ilə bağlı görüləcək işlərdən danışıb.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı çıxışında Azərbaycan alimlərinin ölkədə demoqrafik vəziyyətlə bağlı problemlərin araşdırılmasında fəal iştirak etmələrinin zəruriliyini də vurğulayıb. Bu baxımdan elektron demoqrafiya problemlərinin tədqiqi alimlərimizin qarşısında duran həlli vacib məsələrdəndir.
Akademik, həmçinin XXI əsrin ən mühüm çağırışlarından olan Əşyaların İnterneti sahəsi üzrə zəruri biliklərin sistemləşdirilməsi və ictimaiyyətin bu barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.