Bulud texnologiyaları əsasında formalaşan elektron təhsil mühitinin idarə edilməsi məsələləri araşdırılır

11 Fevral 2016 - 09:40 | Konfranslar, İclaslar
Bulud texnologiyaları əsasında formalaşan elektron təhsil mühitinin idarə edilməsi məsələləri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2016-cı il üçün fəaliyyət planı müzakirə olundu. Texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev planı təqdim edərək bildirdi ki, rəhbərlik etdiyi şöbədə cari ildə elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi üzrə elmi-tədqiqatlar davam etdiriləcək. Bu məqsədlə elektron təhsil mühitinin formalaşdırılmasında meydana çıxan problemlər və həlli yolları, bulud texnologiyaları əsasında formalaşan elektron təhsil mühitinin idarə edilməsi məsələləri, elektron təhsil mühitinin yaradılmasında Big Data texnologiyaları, elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodların işlənilməsi istiqamətində araşdırmalar aparılır.

Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənilməsi istiqamətində İKT ixtisasları üzrə optimal proqramın seçilməsində iyerarxiya analiz metodunun tətbiqi işlərinin aparılması nəzərdə tutulur.

Məruzəçinin sözlərinə görə, cari ildə elmi-innovasiya fəaliyyəti çərçivəsində yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirak planlaşdırılır. Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini söyləyən şöbə müdiri bildirdi ki, Ufa Dövlət Aviasiya Texniki Universiteti ilə əməkdaşlıq münasibətləri də davam etdiriləcək.

F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirlər haqqında məlumat verdi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim elektron təhsil mühitinin formalaşma mərhələlərinin dərindən araşdırılması, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar və beynəlxalq təcrübənin, yeni yanaşmaların tədqiqi, mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd etdi. Elektron təhsil mühitinin formalaşdırılmasında meydana çıxan problemlərin həllində Big Data texnologiyalarının tətbiqinin zəruriliyini vurğuladı.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.