İnformasiya texnologiyalarının sürətli inkişafı informasiya bolluğuna səbəb olur ki, bu da Big Data (böyük verilənlər) problemlərini aktuallaşdırır. İnternet-reklam bazarında Big Data-dan istifadə işin səmərəliliyinin yüksəldilməsi baxımından vacibdir.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Resursları sektorunun rəhbəri Kəmalə Haşımova “Big Data-nın internet-reklam problemlərinin həllində rolu” adlı məruzə ilə çıxışı zamanı bildirib. O, internet-reklamın növləri, saytlar və sosial şəbəkələrdə reklam, veb-səhifənin konsepsiyasının hazırlanması və həyata keçirilməsi, Big Data ilə reklamın qarşılıqlı əlaqəsi haqqında məlumat verərək internetdə yayılan reklamların müxtəlifliyi və bu sahədə Big Data-nın rolunun vacibliyindən danışıb.
Sektor müdiri veb-səhifənin effektivliyinin qiymətləndirilməsinin veb-səhifəyə müraciətlərin sayı, istifadəçi tezliyinin günlük statistikası, ziyarətçilərin sayı və digər amillərdən asılı olduğunu qeyd edib.
“Təcrübə göstərir ki, Big Data-dan istifadə internet-reklam problemlərinin həllində mühüm rol oynayır. Böyük verilənlərlə iş zamanı düzgün strategiyanın seçilməsi və innovativ texnologiyalardan istifadə zəruridir”, – deyə K.Haşımova bildirib.
Big Data-nın marketinqdə tətbiqi şirkət sahiblərinə öz müştərilərini daha yaxşı tanımaq, onların məmnunluq səviyyəsini qiymətləndirmək, internetə analoji auditoriyanı cəlb etmək və s. üçün geniş imkanlar təqdim edir.
Məruzəçi qeyd edib ki, iqtisadiyyatın inkişafında reklam-marketinqin səmərəliliyini artırmaq və qarşıya qoyulmuş məqsədə çatmaq üçün Big Data böyük əhəmiyyətə malikdir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.