İnformasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi günün vacib tələbidir

01 Fevral 2016 - 13:00 | Konfranslar, İclaslar
İnformasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi günün vacib tələbidir

Qloballaşan dünyada müstəqil dövlətçiliyimizin mühüm atributlarından biri olan Azərbaycan dilinin saflığının qorunması, dilimizə yad sözlərin daxil olmasının qarşısının alınması vacib məsələlərdəndir. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. AR Prezidenti İlham Əliyevin Sərəncamla təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da məhz Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsinə xidmət edir.

Bu fikirləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev institutun 5 saylı şöbəsinin fəaliyyət planının müzakirəsi zamanı səsləndirib.

“Azərbaycan dilinin dövlət və cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ictimai-siyasi və elmi-texniki sahədə geniş istifadəsi nəticəsində dilin leksik sistemində terminlərin çəkisi xeyli artmışdır”, – deyə bildirən R.Əliquliyev ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində bir sıra tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. Bildirib ki, terminoqrafiya fəaliyyəti dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahədə elektron informasiya sisteminin yaradılması da müasir dövrün tələblərindəndir.

Sonra institutun şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi şöbənin cari il üzrə fəaliyyət planını təqdim edərək informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetiriləcək işlərdən danışıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi, sistemləşdirilməsi və qlossarilərin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib.

Məruzəçi şöbənin elmi-praktiki fəaliyyəti, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görüləcək işləri diqqətə çatdırıb. 

Qeyd edib ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən şöbəyə yeni kadrların cəlb olunması da 2016-cı ildə qarşıya qoyulan əsas hədəflərdəndir. 

Sonda fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.