AMEA İnformasiya Texnologiyaları İnstitutunda Big Data problemləri üzrə elmi-tədqiqatlar davam etdiriləcək. Bu barədə cari il üçün fəaliyyət planı ilə bağlı çıxış edən institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova bildirdi.
M.Hacırəhimova şöbədə planlaşdırılmış işlər haqqında məlumat verdi. Bildirdi ki, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesində Big Data sisteminin konseptual, arxitektur, qərar qəbuletmənin əsas komponenti kimi Big Data, biznes analitikası və əməliyyat verilənlərinin intellektual analizi texnologiyalarının inteqrasiyası və konvergensiyası üçün modellərin işlənməsi üzrə araşdırmalar davam etdirilir. Dünyanın Big Data çağırışları – beynəlxalq təşkilatların “Big Data”ya baxışları, inkişaf etmiş dövlətlərin Big Data siyasəti, Azərbaycanda Big Data-nın tədqiqi və tətbiqi üzrə təklif və tövsiyələrin işlənməsi istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur.
Məruzəçinin sözlərinə görə, cari ildə şöbədə böyük verilənlərdə gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud problemlər tədqiq olunacaq. Həmçinin verilənlər elminin (Data Science) tədrisində dünya təcrübəsinin öyrənilməsi, böyük verilənlərin vizuallaşdırılması problemlərinin analizi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması planlaşdırılır.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran M.Hacırəhimova bu istiqamətdə neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant layihəsi üzrə elmi-tədqiqatların davam etdiriləcəyini söylədi.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan məruzəçi bildirdi ki, Big Data məsələləri üzrə Koreyanın Elektronika və Telekommunikasiya Araşdırmalar İnstitutu (Electronics and Telecommunications Research Institute – ETRI) ilə əlaqələrin qurulması istiqamətində yerinə yetirilən işlər davam etdiriləcək.
O, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və innovativ layihələrin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı görüləcək işlərdən danışdı.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. XXI əsrin yeni çağırışı olan Big Data problemləri üzrə aparılan elmi-tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi. Akademik Big Data-nın qiymətləndirilməsində indikatorlar, Big Data-nın makroanalitikası, dünya üzrə reytinqi, fəlsəfəsi, Data Science-in dünya üzrə ali məktəblərdə tədrisi və Big Data-nın vizuallaşdırılmasında semantikanın təyininin daha geniş şəkildə araşdırılmasını tövsiyə etdi.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.