AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin bu gün 60 yaşı tamam olur.
Əlövsət Əliyev Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirərək Azərbaycan Elmlər Akademiyası (AEA) Kibernetika İnstitutunda işə qəbul olunmuşdur. 1982-1987-ci illərdə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində proqramçı, mühəndis, aparıcı mühəndis, 1988-ci ildən qrup rəhbəri, 1989-cu ildən sektor müdiri, 1990-cı ildən laboratoriya müdiri vəzifələrində işləmişdir.
1982-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun aspiranturasına daxil olmuş və 1986-cı ildə dissertasiya müdafiə etmişdir. O, 08.00.13 – “İqtisadi tədqiqatlarda, planlaşdırma və idarəetmə proseslərində riyazi üsulların və hesablama texnikasının tətbiqi” ixtisası üzrə iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) və 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dosentdir.
1977-1990-cı illər ərzində “RAİS-Azərbaycan” sisteminin layihələndirilməsi və yaradılması ilə bağlı, eləcə də həmin sistemin müvafiq sahə alt sistemlərinin işlənilməsi sahəsində bir sıra mühüm işlərin məsul icraçısı və rəhbəri olmuşdur.
1991-2000-ci illərdə müxtəlif təyinatlı-idarəetmə, iqtisadiyyat, ekoloji, tibbi informasiya sistemlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin iqtisadi-riyazi problemləri, makroiqtisadi proseslərin formalaşması və tənzimlənməsi, həmçinin bir sıra sosial və təhsil sahələrində yeni informasiya texnologiyalarının tətbiqinin səmərəliliyinin yüksəldilməsi məsələləri, informasiya-kommunikasiya texnologiyaları bazarının vəziyyətinin təhlili və s. ilə bağlı elmi-tədqiqat işi aparmışdır.
O, həmçinin informasiya cəmiyyətinin iqtisadiyyatının formalaşması problemləri, informasiya iqtisadiyyatının (İİ) makro, mikro, regional sahə səviyyəsində xüsusiyyətləri, İİ-nin mövcud vəziyyətinin qiymətləndirilməsi, iqtisadi proseslərdə və idarəetmə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusiyyətləri, innovasiya və biliklər iqtisadiyyatının əsaslarının öyrənilməsi, humanitar sahələrin informasiyalaşma problemləri, texnoparkların, innovasiya zonalarının yaradılması və s. kimi məsələlərlə məşğul olur, elmi-tədqiqat işləri aparır. “E-Azərbaycan” Dövlət Proqramının işlənilməsində, informasiya cəmiyyəti (İC) və İKT üzrə göstəricilər sisteminin işlənilməsində və bir sıra normativ-hüquqi sənədlərin hazırlanmasında fəal iştirak etmişdir.
1987-1994-cü illərdə ADNA-da baş müəllim və dosent, 1993-1996-cı illərdə Azərbaycan İctimai-Siyasi Universitetində dosent, 1996-2006-cı illərdə “Ekonomiks” təhsil mərkəzində rəhbər və dosent, 2007-2008-ci illərdə BDU-da dosent, 2003-2008-ci illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində humanitar bölmənin kuratoru, sonrakı illərdə isə dosent kimi fəaliyyət göstərmişdir.
Ə.Əliyev ARDNŞ, eləcə də respublikanın bəzi sosial-iqtisadi müəssisələri, həmçinin İran, Türkiyə, Rusiya, Belorus, Özbəkistan və Gürcüstanın bəzi elm-təhsil müəssisələri ilə AMEA İTİ-nin İKT-nin tətbiqinə birgə əməkdaşlıq çərçivəsində elmi dəstək verilməsi istiqamətində müvafiq əlaqələndirici işləri yerinə yetirir.
Elmi əsərlərinin ümumi sayı 143, o cümlədən xaricdə çıxmış elmi əsərlərin sayı 30-dur. 5 kitabın müəllifidir.
2002-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır və institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara İKT, İC-nin və İnformasiya və innovasiya iqtisadiyyatının aktual problemləri üzrə mühazirələr oxuyur.
Ə.Əliyev uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.
Əlövsət müəllim təkcə elmi fəaliyyəti ilə deyil, həm də nəcib insani keyfiyyətləri, yüksək təşkilatçılıq bacarığı ilə fərqlənən alimlərdəndir. O, institutun ictimai həyatında yüksək təşəbbüskarlıq nümayiş etdirməklə həmkarları, alim yoldaşları, eyni zamanda bütün institut əməkdaşları arasında böyük hörmət qazanmışdır.
İnstitutun kollektivi Əlövsət müəllimi anadan olmasının 60 illiyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.