İnstitutun elmi-praktiki jurnalları beynəxalq indeks bazalarına daxil olur

30 Dekabr 2015 - 11:31 | Mühüm hadisələr
İnstitutun elmi-praktiki jurnalları beynəxalq indeks bazalarına daxil olur

Məlumdur ki, hər bir ölkənin inkişafı yüksək texnologiyaların istehsalı və tətbiqi səviyyəsindən asılıdır. Azərbaycan da informasiya texnologiyalarının tətbiqi işində yüksək mövqe tutan ölkələrdəndir.

Yeni informasiya mühitini formalaşdıran rəqəmsal əsrdə elmin davamlı inkişafının təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya olunmaqdır. Müasir dövrdə elmi bazalardan geniş istifadə dünya elminə inteqrasiya, alimlərin beynəlxalq aləmdə tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu bazalar mühüm elmi nəticələrin əldə olunması və təbliğində xüsusi imkanlara malikdir. İstənilən elmi jurnalın tanınmış elmi bazalara qəbul edilməsi bu yolda çox ciddi tədbirlər görülməsini tələb edir. Jurnalın nüfuzlu elmi bazalara qəbul edilməsi burada çap olunmuş məqalələrin dünya elmi ictimaiyyəti tərəfindən də qiymətləndirilməsinə şərait yaradır.

Jurnalların beynəlxalq elmi bazalara daxil olması bir tərəfdən Azərbaycanda müxtəlif sahələrdə güclü elmi məktəblərin formalaşmasına, digər tərəfdən ölkəmizdə çap olunan elmi məqalələrin dünyanın aparıcı alimləri üçün əlçatanlığına şərait yaradır. Bütün bunlar Azərbaycanda alimlərin əldə etdiyi nəticələrə yüksək istinad indeksinin formalaşması deməkdir.

Təsadüfi deyil ki, bu gün alimlərin elmi nəticələrinin təbliğində böyük əhəmiyyət kəsb edən nüfuzlu elmi bazalarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi elmi-tədqiqat institutlarının qarşısında duran başlıca vəzifələrdəndir.

Azərbaycanın nüfuzlu elmi-tədqiqat müəssisələrindən biri olan AMEA İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. İnstitut tərəfindən 2010-cu ildən dərc olunan “İnformasiya texnologiyaları problemləri” (İTP) və “İnformasiya cəmiyyəti problemləri” (İCP) elmi-praktiki jurnallarının beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində işlər görülür. Azərbaycan alimlərinin fəaliyyəti və aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması məqsədilə İTP və İCP jurnallarının 12 beynəlxalq indeks bazasına (Scopus, Google Scholar, EBSCO, BASE, Index Copernicus, Compendex, DBLP, Association for Computing Machinery Digital Library və s.) üzvlüyü ilə bağlı müraciət olunmuşdur.

Elmi nəşrlərin beynəlxalq bazalara daxil edilməsi bazaların seçilməsi, qeydiyyat, jurnal haqqında məlumatın yerləşdirilməsi, qiymətləndirmə, bildirişin göndərilməsi ardıcıllığı üzrə aparılır. Bu zaman jurnalın onlayn və çap versiyası, dil müxtəlifliyi, jurnalın xarakteri, buraxılışların dövriliyi, biblioqrafik üslub (IEEE, Harvard və s.), redaksiya heyəti və s. haqqında məlumatların daxil edilməsi vacib şərtdir. Jurnalların ingilis dilində nəşrinin zəruriliyi nəzərə alınaraq ingilis dili üzrə tərcüməçilər və korrektorlar qrupu formalaşdırılmış, hər iki jurnaldakı məqalələr ingilis dilinə tərcümə edilmişdir.

Hazırda jurnalların redaksiya heyətinin tərkibi İTP jurnalında 38 alim, İCP jurnalında isə 32 alimin iştirakı ilə formalaşmışdır. İTP jurnalının redaksiya heyətinin üzvləri 8, İCP jurnalının isə 7 ölkədən olan tanınmış alimlərdir. Dünyaşöhrətli alim, “Qeyri-səlis məntiqin atası”, Berkli Universitetinin daimi professoru Lütfi Zadə hər iki jurnalın fəxri baş redaktoru seçilmişdir.

İnstitutun İTP jurnalı Avropa Regional İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Index Copernicus International” elmi bazasına daxil edilmişdir. Bu bazada müxtəlif elm sahələrini (sosial elmlər, təbiət elmləri, humanitar elmlər və incəsənət) əhatə edən 22000-dən çox jurnala rast gəlmək olar.

Jurnalların beynəlxalq bazalarda indeksləşdirilməsi milli elektron elmin formalaşması üçün etibarlı zəmin yaradacaq, Azərbaycan tədqiqatçılarının yüksək elmi nəticələr əldə etməsi, dünya səviyyəsində səmərəli elmi axtarışların aparılması, məqalələrə edilən istinadların artması və jurnalın nüfuzunun və impakt faktorunun yüksəldilməsi üçün geniş imkanlar açılacaqdır. Bundan əlavə, jurnalların beynəlxalq bazalarda təmsil edilməsi ölkənin intellektual mülkiyyətinin qorunmasına, dünya elmi ictimaiyyətinə daha sıx inteqrasiya olunmasına və beynəlxalq elmi mərkəzlər ilə əlaqələrin genişləndirilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.