Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı (UNDP) və “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilən forumda institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “Elm və təhsil üçün elektron infrastrukturlar və Avropa ilə əməkdaşlıq mövzusunda” məruzə ilə çıxış etmişdir.
Biliklər cəmiyyətində elm və təhsil mühitinin tələblərinə cavab verən elektron infrastrukturların əhəmiyyətini qeyd edən məruzəçi Azərbaycanda bu sahədə mövcud vəziyyət və perspektivlər barədə geniş məlumat verdi. AMEA İnformasiya Texnologiyaları İnstitutunun milli elm və təhsil şəbəkəsi AzScienceNet üzərindən təqdim etdiyi xidmətlər, həmçinin növbəti illərdə universitetlərin və tədqiqat institutlarının istifadəsi üçün planlaşdırılan yeni xidmətlər barədə ətraflı məlumat verildi.
Azərbaycanın da iştirak etdiyi və şərq tərəfdaşlığı ölkələrini Pan Avropa Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiya edən EaPConnect layihəsinin ölkəmizdə alimlərə və tələbələrə təqdim edəcəyi imkanlar konfrans iştirakçılarına təqdim olundu.
Məruzəçi qeyd etdi ki, 2016-cı il ərzində 1 Giqabit/san sürətlə GEANT şəbəkəsinə qoşulmaqla Azərbaycanlı alimlər təhlükəsiz, etibarlı və dayanıqlı şəbəkə üzərindən Avropalı həmkarları ilə birgə böyük həcmli verilənlərin ötürülməsini və emalını tələb edən elmi tədqiqat işlərini reallaşdırmaq imkanı əldə edəcəklər.
Tələbələrin, müəllimlərin və alimlərin qlobal autentifikasiya sistemi (Eduroam) ilə ölkəmizdə bir çox elm və təhsil müəssisəsində hətta Avropa ölkələrinin əksəriyyətində vahid istifadəçi profili ilə sərbəst internetə qoşulma imkanı əldə edəcəyi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Məruzəçi elm və təhsil mühiti üçün İKT perspektivini “Kommunikasiya, elektron xidmətlər və paylaşmaq” kimi xülasə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.