İnformasiya texnologiyaları üzrə ən müasir terminlər toplanaraq sistemləşdirilir

24 Noyabr 2015 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti iclasda şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi şöbənin 2015-ci il üçün hesabatını təqdim edib. O, informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetirilmiş işlərdən danışıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi və sistemləşdirilməsi işlərinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə jurnal, konfrans materialları ilə yanaşı, “EBSCO”, “EBSCO ebooks”, “ACM DL”, “IEEE CS DL”, “Springer Link”, “Web of Knowledge”, “IOP publishing” elektron kitabxanalarında axtarış aparılmışdır.

Məruzəçi şöbənin elmi-innovasiya və elmi-təşkilati fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitablar və elektron nəşrlərin hazırlanması ilə bağlı cari ildə görülmüş işləri diqqətə çatdırıb.

Şöbə müdiri qeyd edib ki, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialının gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.

Sonra hesabatla bağlı fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.