E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün metodlar işlənilib

24 Noyabr 2015 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasları davam edir. Texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin cari il üçün hesabatını təqdim edib. Y.İmamverdiyev e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi istiqamətində aparılan araşdırmaların nəticələri haqqında məlumat verib. E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları, informasiya təhlükəsizliyi hadisələrinin kollaborativ aşkarlanması, təşkilatlararası koordinasiya və e-dövlət infrastrukturunda kiberhücumların yayılması modellərinin işlənildiyini bildirib.

Onun sözlərinə görə, “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə arxitektura və metod, böyük həcmli şəbəkə trafikinin analizi metodu işlənilib, kompüter şəbəkələrinin monitorinqi və ölçülməsinin müasir vəziyyəti analiz olunub.

Y.İmamverdiyev şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənilməsi, bulud hesablama sistemlərinin informasiya təhlükəsizliyi problemlərinin həlli istiqamətində əldə olunmuş nəticələr barədə məlumat verib.

O, həmçinin milli informasiya məkanında fərdi məlumatlar seqmenti və e-xidmətlərin intellektual idarəetmə sistemi üçün metodların işlənməsi, kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi və e-dövlətin e-imza infrastrukturunun işinin təkmilləşdirilməsi üçün metod və alqoritmlərin işlənməsi, o cümlədən mobil texnologiyaların informasiya təhlükəsizliyi problemləri üzrə araşdırmaların aparıldığını qeyd edib.

2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi-tədqiqatların aparıldığını vurğulayan Y.İmamverdiyev cari ildə də bu istiqamətdə araşdırmaların davam etdirildiyini, səsə görə şəxsin biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənildiyini söyləyib.

O, şöbənin elmi-innovasiya fəaliyyəti haqqında da çıxış edərək bildirib ki, cari ildə AzScienceNet İnformasiya Təhlükəsizliyi və Monitorinq  Xidməti üzrə bir sıra işlər yerinə yetirilib, AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib. 

Y.İmamverdiyev hesabat ilində şöbə əməkdaşları tərəfindən tanınmış elmi jurnallarda çoxsaylı məqalələrin nəşr olunduğunu diqqətə çatdırıb. O, şöbə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edərək onların əsərlərinə olan istinadlar haqqında  məlumat verib.

Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.