AMEA İnformasiya Texnologiyaları İnstitutunda institut şöbələrinin illik hesabat iclasları keçirilir. Növbəti iclasda çıxış edən şöbə müdiri Təhmasib Fətəliyev rəhbərlik etdiyi şöbədə cari ildə görülmüş işlər və əldə olunmuş nəticələr haqqında məlumat verdi. Bildirdi ki, şöbədə e-elmin formalaşması problemləri istiqamətində e-elmin mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılmış, e-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirmək məqsədilə onun AMEA üzrə monitorinqi həyata keçirilmiş və indikatorları üzrə toplanmış sorğu məlumatları əsasında müvafiq təhlillər aparılmış, e-elmin təhlükəsizliyinin təmin edilməsi məsələləri araşdırılmış və effektiv mühafizəsi üçün prioritet istiqamətlər müəyyənləşdirilmişdir.
Şöbə müdiri qeyd etdi ki, şöbədə e-elmin elmi verilənlər problemləri araşdırılmış, e-elmin prioritet istiqaməti sayılan elmin informasiya təminatının formalaşdırılması məsələsi çərçivəsində respublikada nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunluğu vəziyyəti təhlil edilmişdir. Bu məqsədlə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər Siyahısı”na uyğun 14 elm sahəsi üzrə 282 jurnalın monitorinqi aparılmışdır. Monitorinqin nəticələrinin təhlili üzrə aşkarlanmış problemlərin həlli üçün təklif və tövsiyələr işlənilmişdir.
Onun sözlərinə görə, cari ildə şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri tanınmış elmi jurnallarda dərc edilmiş məqalələrdə öz əksini tapmış və elmi konfranslarda müzakirə olunmuşdur.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində planlaşdırılmış işləri diqqətə çatdıran T.Fətəliyev bu istiqamətdə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi 2 qrant layihəsi üzrə tədqiqatların aparıldığını söylədi.
Məruzəçi, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfrans və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitablar və elektron nəşrlərin hazırlanması və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Sonra hesabatla bağlı fikir mübadiləsi aparıldı, bir sıra təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.