“Ölkəmizdə biliklər cəmiyyətinin lokomotivi olan milli innovativ mühitin inkişafı əsas hədəflərdəndir. Bu gün dövrün tələblərinə cavab verən tədqiqatların aparılması, müxtəlif sahələrdə əldə edilmiş mühüm elmi nəticələrin beynəlxalq elm məkanına inteqrasiyasının təmini alim və mütəxəssislərin qarşısında duran mühüm vəzifələrdəndir”. Bu fikirləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun doktorant və dissertantlarının elmi fəaliyyətinin monitorinqi və elmi-metodiki məsləhət və tövsiyələrin verilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.
Akademik Prezident İlham Əliyevin 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həmçinin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənc tədqiqatçıların potensialının inkişafının strateji hədəflərdən olduğunu önə çəkib. Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasətinin müxtəlif sahələrdə çalışan gənclərin fəaliyyətinin daha səmərəli təşkilinə istiqamətləndiyini vurğulayan R.Əliquliyev hazırda ölkənin əsas intellektual potensialının cəmləşdiyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətinin qeyd olunan strateji hədəflərin reallaşdırılmasına xidmət etdiyini önə çəkib.
“AMEA-da gənc tədqiqatçılarla iş mühüm prioritetlərdən biri kimi daim akademiya rəhbərliyinin diqqət mərkəzindədir”, – deyən R.Əliquliyev doktorantura təhsil sisteminin yeni prinsiplər əsasında qurulması istiqamətində də kompleks tədbirlərin həyata keçirildiyini söyləyib. Alim gənclərin beynəlxalq elmi əməkdaşlığını genişləndirmək və dünya elminə inteqrasiyası üçün İKT sahəsindəki biliklərini artırmaq, eləcə də xarici dilləri daha mükəmməl öyrənməsi məqsədilə ölkə prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” Sərəncam imzaladığını qeyd edib. AMEA institutlarında fəaliyyət göstərən gənc alimlərin inkişaf etmiş ölkələrin müvafiq elmi mərkəzlərində təcrübə keçdiklərini diqqətə çatdırıb.
R.Əliquliyev AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 2015-ci il tarixli Sərəncamına müvafiq olaraq akademiyada doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini xatırladıb. Bu gün ölkənin təhsil sistemində geniş tətbiq olunan test texnologiyalarının bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını deyən akademik AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarı ilə AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin qiymətləndirilməsi üçün yeni tələblərin müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, hazırda həmin tələblərin tətbiqi, doktorant və dissertantların ixtisas və fəlsəfə biliklərinin obyektiv qiymətləndirilməsi üçün yeni mexanizmlərin, o cümlədən test sisteminin işlənib hazırlanması və tətbiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Alim, həmçinin dissertasiya işlərinin hazırlanmasına dair tələblərdən də söz açıb. Bildirib ki, dissertasiya işinin hazırlanması iddiaçıdan yüksək intellektual səviyyə, zəngin dünyagörüşü, mövzunun mahiyyəti və əhəmiyyətini dərindən dərk etmək, problemin həlli yollarını araşdırmaq, dünya elmində bu istiqamətdə aparılan tədqiqatlardan məlumatlı olmağı və s. tələb edir: “Hər bir doktorant və dissertant elmi problemin vəziyyətini tam araşdırmalı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə mövcud vəziyyət ilə bağlı monitorinqin nəticələri ilə tanış olmalı, bu məsələlərlə məşğul olan elmi mərkəzlər haqda məlumatlara malik olmalıdır”.
İnstitutda doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsi ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən danışan akademik gələcəyin alimlərinə dissertasiya işlərinin yüksək səviyyədə hazırlanması məqsədlərinə xidmət edən dəyərli məsləhət və tövsiyələrin verilməsinin istənilən elm sahəsinin inkişafı üçün vacib amillərdən olduğunu bildirib.
Sonra çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov cari ilin iyun-iyul aylarında institutda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların attestasiyasının keçirildiyini qeyd edərək attestasiyanın nəticələri haqqında məlumat verib.
Yekun olaraq dissertasiya işlərinin strukturuna qoyulan tələblərin nəzərə alınması, dövrün tələblərinə cavab verən elmi axtarışların aparılması, doktorant və dissertantların elmi fəaliyyətinin monitorinqi, dissertasiya işlərinin hazırlanması zamanı doktorantlar tərəfindən yol verilən noqsanların aradan qaldırılması və digər məsələlərin vacibliyi qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.