AMEA magistrantlarının diaqnostik test imtahanı keçirildi

17 Sentyabr 2015 - 16:47 | Mühüm hadisələr

Müasir dövrdə elm və təhsilin innovativ inkişafı və bu sahələrin inteqrasiyası mühüm nailiyyətlərin əldə olunması, yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından vacib şərtdir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müvafiq tədbirlər görülür, müxtəlif layihələr həyata keçirilir. AMEA-da cari ildən etibarən magistratura pilləsinə qəbulun keçirilməsi də bu qəbildən olan tədbirlərdəndir.

Məlum olduğu kimi, AMEA rəhbərliyinin qərarına əsasən, akademiyaya qəbul olunmuş 19 magistranta informatika, ingilis dili, pedaqogika və psixologiya fənləri üzrə tədris AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) aparılacaq. Bu məqsədlə TİM-də müvafiq tədbirlər həyata keçirilir.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda akademiyanın magistrantlarının ingilis dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə diaqnostik test imtahanı keçirildi. Magistrantlar 95 dəqiqə ərzində qrammatika (90 test) və dinləmə bölmələri üzrə sualları cavablandırdılar. İmtahanın nəticələrinə əsasən yüksək və nisbətən aşağı nəticələr göstərmiş magistrantlar üçün 2 qrup təşkil olunacaq.

Qeyd edək ki, magistratura təhsili akademiyanın 7 elmi-tədqiqat institutunun bazasında 7 ixtisas (dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) üzrə təşkil olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.