AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” (İTP) və “İnformasiya cəmiyyəti problemləri” (İCP) elmi-praktiki jurnallarının beynəlxalq elmi mühitə inteqrasiyası məqsədilə tədbirlər görülür.
Bu haqda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova məlumat verib. O, jurnalların redaksiya heyətinin tərkibinin genişləndirilməsi istiqamətində görülmüş işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda jurnalların redaksiya heyəti üzvlərinin sayı artaraq İTP jurnalında 38 nəfər, İCP jurnalında isə 32 nəfər olmuşdur. İTP jurnalının redaksiya heyəti üzvləri 8, İCP jurnalının redaksiya heyəti üzvləri 7 ölkədən olan tanınmış alimlərdir. Dünya şöhrətli alim, “Qeyri-səlis məntiqin atası”, Berkli Universitetinin daimi professoru Lütfi Zadə hər iki jurnalın fəxri baş redaktoru seçilmişdir.
İTP və İCP jurnallarının beynəlxalq reyestrlərə inteqrasiyası işinin təşkili istiqamətində həyata keçirilmiş tədbirləri nəzərə çatdıran Z.Cəbrayılova qeyd edib ki, 12 indeks bazasına (Scopus, Google Scholar, EBSCO, BASE, Index Copernicus, Compendex, DBLP, Association for Computing Machinery Digital Library) üzvlüklə bağlı müraciət olunmuşdur. Jurnalların ingilis dilində buraxılmasının zəruriliyi nəzərə alınaraq ingilis dili üzrə tərcüməçilər və korrektorlar qrupu formalaşdırılmışdır.
Jurnalların saytlarının monitorinqinin aparıldığını söyləyən məruzəçi jurnalların bukletləri, reklam nümunələrinin hazırlandığını, onların sosial şəbəkələrdə və Vikipediyada yerləşdirilməsi işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.