AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) bu gündən etibarən doktorant və dissertantlar üçün Elm informatikası fənni üzrə 3 aylıq kurslara start verilib.
İmtahanlara hazırlıq məqsədilə təşkil olunmuş kurslarda institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən doktorant və dissertantlara Elm informatikası fənni tədris olunur. Mərkəzdə əyani tədrislə yanaşı, 2011-ci ildən distant tədris xidmətləri də göstərilir. Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların Elm informatikası fənni üzrə təşkil edilmiş mühazirələri onlayn olaraq dinləmələrinə şərait yaradılıb.
Qeyd edək ki, 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada TİM-də həyata keçirilir və 2013-cü ilin iyun ayından başlayaraq AMEA rəhbərliyinin təşəbbüsü ilə imtahanlar elektron test üsulu ilə aparılır.
Xatırladaq ki, 2003-2015-ci illər ərzində 6036 doktorant və 8494 dissertant Elm informatikası fənnindən imtahan verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.