AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənildi. Şöbə müdiri Gülnarə Nəbibəyova rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən bəhs edərək bildirdi ki, xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sisteminin işlənilməsi, Azərbaycan terminoloji informasiya sisteminin işlənilməsi, Azərbaycan dilinin qrafikasının digər dillərin qrafikasına transliterasiya problemləri və onların həlli yolları, veb-mətnlərin analizi texnologiyaları, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi istiqamətlərində araşdırmalar davam etdirilir.
Sonra məruzəçi institutun www.ict.az saytının cari il üzrə 6 aylıq fəaliyyəti ilə bağlı hesabatı təqdim etdi. Veb-saytın daimi istismarının həyata keçirildiyini və informasiya təminatının mütəmadi olaraq yeniləndiyini bildirərək saytın müxtəlif göstəricilər üzrə statistik məlumatlarını nəzərə çatdırdı.
G.Nəbibəyova şöbənin mütəxəssisləri tərəfindən müxtəlif təşkilatların veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verdi.
O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı şöbədə yerinə yetirilmiş işləri diqqətə çatdırdı.
Şöbənin hesabatı qəbul edildi, bir sıra təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.