İyunun 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının işi ilə şura üzvlərini tanış etdi.
“Gömrük işində risklərin idarə olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiyanı təqdim edən Üzeyir Qurbanlı işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı.
Bildirdi ki, işin əsas məqsədi kadr və texniki potensiala qənaət, gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsi və gömrük xərclərinin idarə olunması məqsədilə gömrük işində risklərin idarə olunması üçün metod və alqoritmlərin işlənməsidir.
İddiaçının sözlərinə görə, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün gömrük risklərinin idarə olunması üsulları və sistemlərinin analizi və gömrük işində risklərin idarə olunması üçün yeni informasiya modeli qurulmuş, riskli zonaların təyini və risk profillərinin riskli zonalarda yerləşdirilməsi alqoritmi işlənmiş, transsərhəd ölkələrdə baş verə biləcək və ölkə əhəmiyyətli risklərin aşkarlanması və idarə olunması üçün model işlənmiş, o cümlədən risk profillərinin qiymətləndirilməsi üçün alqoritmlər işlənmiş və gömrük risklərinin idarə olunması üçün təklif olunan metod və alqoritmlər əsasında proqram təminatı işlənmişdir.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Dissertasiya işinə dair elmi rəhbər AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı rəyini səsləndirdi, işin müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.
Dissertasiya işi üzrə rəsmi opponentlər - texnika üzrə elmlər doktoru, professor Cavanşir Məmmədov və texnika üzrə fəlsəfə doktoru Nazlı Həsənova dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktoru professor Məsumə Məmmədova, texnika üzrə elmlər doktorları Nadir Ağayev və Ramiz Alıquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.
İddiaçının yekun sözü dinlənildikdən sonra gizli səsvermə keçirildi. Ü.Qurbanlıya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.