Amerikan və alman tədqiqatçılarından ibarət beynəlxalq qrup təbii fasiləsiz danışıq zamanı insan beynində yaranan siqnalların deşifrə edilməsi sahəsində müvəffəqiyyət əldə edib.
“Brain-to-Text” sistemi beyin qabığının alın və yan hissələrinin əks tərəfində yerləşən ECoG-elektrodların (elektrokortikoqrafik) matrisinin köməyi ilə oxunan siqnalların səsyazmasını həyata keçirib. Sınaqlarda tibbi müəssisələrdən birində olan və əsəb xəstəliklərinin kliniki müalicəsi kursu keçən 7 könüllü iştirak edib.
Bütün iştirakçılar müəyyən söz yığımından ibarət tipik mətni ucadan oxuyublar. Beyin siqnallarının toplanmış verilənləri kompüter öyrənməsinin və analizin alqoritmlərinin köməyi ilə müəyyən sözlərə uyğun olan siqnalların ən çox ehtimal edilən ardıcıllığını çıxardan kompüterə daxil edilib. Bundan sonra məlumatlar olduqca sadə alqoritmin köməyi ilə mətn formatına çevrilib.
dailytechinfo.org saytının məlumatına görə, bu sistemin dəqiqliyi hələ arzuolunan səviyyədə deyil. Normal şəraitdə insanın tələffüz etdiyi sözlər təyin olunarkən səhvlərin miqdarı 25 faizə çatır. Pasiyent müəyyən səbəblərə görə sözləri tam düzgün tələffüz edə bilmədikdə isə səhvlərin miqdarı 50 faizədək artır.
Alimlərin sözlərinə görə, səhvlərin çox olması verilənlərin analizinin universal proqram təminatı vasitəsilə həyata keçirilməsi ilə izah oluna bilər. Halbuki ixtisaslaşdırılmış proqram təminatı daha effektiv nəticə verər.
İxtisaslaşdırılmış proqram təminatı yaradılan zaman sistem tərəfindən edilən səhvlərin miqdarı kəskin azalacaq və bu kimi sistemlər müxtəlif səbəblərə görə danışa bilməyən insanlarla ünsiyyət saxlamağa imkan verən “körpü” rolunu oynayacaq.
Qeyd etmək lazımdır ki, bu işlər bir neçə elmi fondun dəstəyi ilə ABŞ ordusunun Elmi-Tədqiqat İdarəsinin sifarişi üzrə aparılıb. Beyin siqnallarının səsyazması Albani Tibb Mərkəzinin (ABŞ) mütəxəssisləri tərəfindən həyata keçirilib, siqnalların və nitqin avtomatik tanınması alqoritmləri Karlsrue Texnologiya İnstitutunun “Cognitive Systems Lab” (Almaniya) laboratoriyasında işlənib.
Yeni texnologiyanın sonrakı inkişafı kompüter və digər qurğularla düşüncənin idarə olunması sistemlərinin yaradılması, insanlar arasında ünsiyyətin yeni texnologiyaları və s. üçün ilk addım ola bilər.