AMEA Rəyasət Heyətində Almaniyanın tanınmış “Springer” beynəlxalq elmi bazasının nümayəndələri Asda Kotani və Sıtkı Aktaş ilə görüş keçirildi. AMEA-nın akademik katibi, professor Rasim Əliquliyev, AMEA Rəyasət Heyətinin “Xarici əlaqələr” şöbəsinin rəhbəri, professor Ədalət Həsənov və İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayevin iştirak etdiyi görüşün əsas məqsədi AMEA ilə Springer arasında əməkdaşlıq çərçivəsində imzalanmış müqavilədən irəli gələn vəzifələri, görülmüş işləri müzakirə etmək idi.
Məlumdur ki, ötən ilin yanvar ayında Springer ilə AMEA arasında imzalanmış müqaviləyə əsasən, AMEA-nın institut və təşkilatları, həmçinin ölkə universitetləri Springer beynəlxalq elmi bazasının rəqəmsal kitabxanasından istifadə imkanı qazanmış, istifadəçilərin Springer-in təklif etdiyi xidmətlərə, arxiv materiallarına, həmçinin yeni nəşrlərə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) ödənişsiz onlayn çıxışı təmin olunmuşdur.
Görüşdə Azərbaycan elmi ictimaiyyətinin Springer beynəlxalq elmi bazasının resurslarından istifadəsinə dair statistik göstəricilər təqdim olundu. Springer-in ölkəmizdə təşkil etdiyi treninq və seminarların alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi önəm daşıdığı qeyd olundu. Bu kimi görüşlərin regionlarda da keçirilməsinin zəruriliyi ifadə edildi.
Həmçinin Azərbaycanın elmi tədqiqat qurumlarında bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni təmin etmək üçün mütəmadi təlim seminarlarının keçirilməsi təklif olundu.
Sonda A.Kotani AMEA-nın yeni prezidenti, akademik Akif Əlizadəyə və akademiyanın yeni seçilmiş heyətinə gələcək fəaliyyətində uğurlar arzuladı.