Müasir dövrdə bir sıra ölkələrdə mövcud sosial-iqtisadi problemlərin həllinə, elmi-texniki nailiyyətlərdən daha geniş və səmərəli istifadəyə və bu ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakına xüsusi iqtisadi zonalar kimi iqtisadi fəaliyyətin yeni formasının tətbiqi vasitəsilə nail olunur. Beynəlxalq təcrübə göstərir ki, xüsusi iqtisadi zonalar ayrı-ayrı ərazilərin və bütövlükdə ölkələrin iqtisadi inkişafına güclü təsir imkanına malikdir. Azərbaycan Respublikasında son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bazar iqtisadiyyatının bərqərar olması, ölkənin davamlı sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyası üçün münbit şərait yaranmışdır. Hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişafın yeni mərhələsindədir. Bununla əlaqədar ölkədə qəbul edilmiş strateji proqramların və layihələrin həyata keçirilməsində, prioritet iqtisadi və sosial vəzifələrin həllində xüsusi iqtisadi zonalar mühüm rol oynaya bilər. Eyni zamanda, belə zonaların yaradılması Azərbaycanın əlverişli coğrafi və nəqliyyat mövqeyinin üstünlüklərindən istifadə etməklə xarici iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verə bilər. Ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması məqsədəuyğun hesab edilsin. 2. Müəyyən edilsin ki, ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 3.1. "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birgə xüsusi iqtisadi zonaların yaradılmasının prioritet istiqamətlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.3. Müvafiq xüsusi iqtisadi zonalar barədə əsasnamə layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.4. xüsusi iqtisadi zonalarda güzəştli vergi və gömrük rejimi, valyuta tənzimlənməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.5. xüsusi iqtisadi zonaların hüdudlarında gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların sənədləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin buraxılma rejiminin sadələşdirilmiş qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir. İlham Əliyev, |