“Pilotsuz uçuş aparatının apertur antenalarının əsas parametrlərinin qiymətləndirilməsi” mövzusunda məruzə dinlənilib

10 İyul 2023 - 10:05 | Konfranslar, İclaslar
“Pilotsuz uçuş aparatının apertur antenalarının əsas parametrlərinin qiymətləndirilməsi” mövzusunda məruzə dinlənilib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin “Pilotsuz uçuş aparatının apertur antenalarının əsas parametrlərinin qiymətləndirilməsi” mövzusuna həsr edilmiş elmi seminarı keçirilib.

Şöbənin əməkdaşı Lalə Əliyeva məruzəni təqdim edərək bildirib ki, radiotexniki qoşunlar fəza sahəsinin fasiləsiz nəzarəti üçün düşmənin hava hücumu qüvvələrinin uçuşunda radiolokasiya kəşfiyyatının aparılmasına xüsusi diqqət yetirməlidirlər. Onlar müasir radiolokasiya stansiyası (RLS) ilə təchiz olunmaqla, sutkanın və ilin bütün vaxtlarında meteoroloji və müxtəlif maneə şəraitindən asılı olmayaraq, bütün hündürlüklərdə hava vasitələrini aşkar etməli, tanımalı və onların dəqiq koordinatlarını təyin etməlidirlər. Bundan başqa, alınan məlumatların raket qoşunlarına, hərbi və mülki aviasiyaya ötürülməsi təmin edilməlidir.

Məruzəçi hava hücumundan müdafiə qoşunlarında kəşfiyyat RLS vasitəsilə fəza şəraiti haqqında əsas informasiya mənbəyinin təyin edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, aktiv maneə mənbəyi olmayan uçuş aparatlarının aşkar edilməsi və izlənməsi üçün aktiv lokasiyaya malik impuls radiolokasiya stansiyalarından istifadə olunur. Bu zaman impuls metodu ilə hədəfə qədər olan məsafənin, maksimum metodu ilə azimutun ölçülməsi yerinə yetirilir. Hədəfin cari koordinatlarının analizi və emalı nəticəsində hədəfin üfüqi sürətini, kursunu və manevrin başlanğıcını təyin etmək mümkün olur.

Dairəvi və yandan görmə bort radiolokasiya stansiyaları yer səthini müşahidə RLS-lərinə aiddir ki, onları panoram radiolokatorları da adlandırırlar. Kəşfiyyat pilotsuz radiolokatorları düşmən ərazisi üzərindən uçan zaman yerüstü naviqasiya vasitələrinin az olduğu və ya heç olmadığı rayonlarda xüsusilə faydalıdırlar. Uçuş aparatının dairəvi görmə rejimini təyin edən radiolokasiya stansiyalarında yelpikşəkilli istiqamətlənmiş diaqram ilə olan antena istifadə edilir və yer səthinin dairəvi və ya sektor görməsini həyata keçirir.

Əks olunan siqnallar dairəvi görmə indikatorunda təsvir olunurlar ki, bu da ekranda quru və su səthləri arasındakı sərhədin daha aydın şəkildə görünməsinə imkan verir. Hamar su səthi güzgü kimi əksetdirmə qabiliyyətinə malik olduğuna, yer səthi isə nahamar və qeyri-bircinsli xarakterinə görə dalğaları hər tərəfə səpələyir və nəticədə yer səthinin təsviri massivlərin az və ya çox işıqlılığı şəklində alınır.

L.Əliyevanın sözlərinə görə, hədəfin indikasiyası qəbuledicinin çıxış siqnalı gücləndirildikdən sonra indikatorun uzaqlıq şkalasında işıqlı ləkələr əmələ gətirir, sonra indikatorun təsviri yaddaş qurğusuna yazılır və yaddaş qurğusunun işi uçuş aparatının hərəkət sürəti ilə sinxron olmaqla yerinə yetirilir. Nəticədə, yaddaş qurğusunda uçuş zamanı antena şüasının əhatə etdiyi yerin radiolokasiya təsviri alınır. Tələb olunan bucaq koordinatlarına görə ayırdetmə qabiliyyətinin əldə olunması siqnalların koherent emal sistemlərində ümumiləşdirilmiş antena qəfəs metodunun tətbiqi ilə mümkündür.

O, nəzərə çatdırıb ki, tədqiqat işində pilotsuz uçuş aparatında yerləşdirilən RLS-in apertur antenaların bütün texniki parametrləri hesablanmaqla optik diapazonda olan fotokameradan fərqli olaraq, burada yer səthinin müşahidəsinin istənilən hündürlükdə və mühitdə aparılmasının mümkünlüyü müəyyən edilmişdir.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və böyük elmi işçi Əfruz Qurbanova çıxış edərək, müvafiq istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasının zəruriliyini qeyd edib, təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.