Yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemləri tədqiq olunur

08 Avqust 2024 - 09:03 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatının formalaşması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə yarımillik hesabatı müzakirə olunub.

Hesabatı təqdim edən şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev rəhbərlik etdiyi struktur bölmədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.

Alim hesabat dövründə “Yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin araşdırılması, onların həlli mexanizmlərinin konseptual və nəzəri əsaslarının inkişaf etdirilməsi” mövzusu üzrə yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin tədqiqi və onların həlli mexanizmlərinin konseptual əsaslarının tədqiqi istiqamətində araşdırmaların aparıldığını bildirib. Eləcə də rəqəmsal iqtisadiyyat və iqtisadi kibernetika qarşılıqlı əlaqələrinin elmi-metodoloji və tarixi inkişaf aspektlərinin araşdırılması və işğaldan azad edilmiş ərazilərdə rəqəmsal transformasiya əsasında iqtisadi ekosistemin formalaşması mexanizmlərinin işlənilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

O, “Yaşıl və rəqəmsal transformasiyalar kontekstində yaşıl ətraf mühitin və sirkulyar iqtisadiyyatın formalaşması şəraitində cəmiyyətin, iqtisadiyyatın və təbiətin qarşılıqlı effektiv inkişafı problemlərinin tədqiqi və həll mexanizmlərinin işlənilməsi” mövzusunda elmi-tədqiqat işi çərçivəsində milli mental xüsusiyyətlərin yaşıl cəmiyyətə, iqtisadiyyata, həmrəyliyə təsirinin sosial-iqtisadi aspektlərinin araşdırıldığını, İKT avadanlıqlarının təkrar emalı və ikinci əl satışı bazarının xüsusiyyətlərinin tədqiq olunduğunu, onun yaşıl rəqəmsal sirkulyar iqtisadiyyat və ətraf mühit çərçivəsində formalaşma prinsipləri və modellərinin işlənildiyini diqqətə çatdırıb.  

Ə.Əliyev qeyd edib ki, cari ildə müvafiq istiqamətdə cəmiyyətin yaşıl transformasiyası fonunda iqlim dəyişikliyi problemləri və onların həllində İKT-nin tətbiqinin konseptual əsasları, Sənaye 4.0 platformasında müəssisənin yaşıl rəqəmsal ekosisteminin araşdırılması, informasiya cəmiyyəti, rəqəmsal iqtisadiyyat və transformasiya şəraitində elektron tullantıların idarəetmə sisteminin formalaşdırılması ilə bağlı araşdırmalar davam etdirilib.

Alimin sözlərinə görə, “Yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi” üzrə süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması problemlərinin həlli mexanizmlərinin işlənilməsinin konseptual əsasları təhlil edilib. Həmçinin rəqəmsal transformasiyalar əsasında ali təhsil sisteminin iqtisadi səmərəliyinin yüksəldilməsi problemləri və Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması amillərinin təhlili və inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətləri tədqiq olunub.

O, cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə 6 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda 8 məqalənin çap olunduğunu nəzərə çatdırıb.

Ə.Əliyev Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Türkiyənin Ege Universiteti və Yıldız Texniki Universiteti, Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəçilik Universitetinin İdarəetmə fakültəsi ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib.

Şöbə rəhbəri, həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması, proqnozlaşdırılması və modelləşdirilməsi problemlərinin tədqiqinin, o cümlədən yaşıl və rəqəmsal transformasiyalar problemləri, sirkulyar iqtisadiyyatla bağlı fundamental tədqiqatların, qiymətləndirmələrin aparılması ilə yaşıl cəmiyyətin qurulmasına əhəmiyyətli töhfələrin verilməsinin, problemin müxtəlif aspektlərini əhatə edən seminarların keçirilməsinin zəruriliyini vurğulayıb.

Sonda Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.