İnstitutda proqram sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində tədqiqatlar aparılır

12 Avqust 2024 - 09:27 | Konfranslar, İclaslar
İnstitutda proqram sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində tədqiqatlar aparılır

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi, eləcə də informasiya təhlükəsizliyi və kiberdayanıqlıq problemləri üzrə tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə yarımillik hesabatı dinlənilib.

Hesabatı təqdim edən şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminarlar və s. ilə bağlı ətraflı məlumat verib.

T.Kazımov şöbədə icra olunan elmi-tədqiqat işlərini diqqətə çatdıraraq, “Proqram sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi” mövzusu üzrə yerinə yetirilmiş tədqiqatlardan söz açıb. Bildirib ki, bu istiqamətdə proqram sistemlərinin kiberdayanıqlığının təmin edilməsi üçün konseptual model işlənilib, kiberdayanıqlığın artırılması istiqamətində mövcud yanaşmalar analiz olunub.

“Proqram sistemlərinin enerji sərfiyyatının azaldılması üçün yaşıl kodlaşdırmadan istifadə edilməsi” mövzusunda aparılan elmi tədqiqatları diqqətə çatdıran şöbə müdiri proqramlaşdırmada yaşıl kodlaşdırmanın mahiyyəti, problemləri və perspektivlərinin araşdırıldığını, o cümlədən yaşıl kodlaşdırmada istifadə olunan proqramlaşdırma dillərinin və verilənlər bazasının spesifik xüsusiyyətlərinin təhlil olunduğunu qeyd edib.

T.Kazımov həmçinin “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və modelin işlənməsi” mövzusu üzrə proqram sistemlərinin etibarlılığının proqnozlaşdırılması üçün metodun, bu sistemlərin etibarlılığını artırmaq üçün konseptual modelin işlənildiyini, eləcə də proqram sistemlərinin layihələndirilməsi problemlərinin araşdırıldığını və təhlil olunduğunu diqqətə çatdırıb.

Şöbə müdirinin sözlərinə görə, struktur bölmədə “Proqram sistemlərinin əks mühəndisliyinin elmi-nəzəri əsasları, problemləri və perspektivləri”, eləcə də “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması  problemlərinin araşdırılması” mövzuları üzrə tədqiqatlar aparılmış, əldə olunmuş elmi nəticələr nüfuzlu jurnallarda işıq üzü görmüşdür.

T. Kazımov yarımillik dövr ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərdə ümumilikdə 6 məqalənin və 6 konfrans materialının çap olunduğunu vurğulayıb.

O, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində görülmüş işlərdən bəhs edərək, Qazaxıstanın L. N. Qumilyev adına Avrasiya Milli Universitetinin İnformasiya Təhlükəsizliyi və Kriptoqrafiya İnstitutu ilə, eləcə də dünyanın bir sıra nüfuzlu jurnalları ilə əməkdaşlığın davam etdirildiyini qeyd edib.

Hesabat ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təqdim olunan hesabatla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Akademik proqram sistemlərinin əks mühəndisliyinin elmi-nəzəri əsaslarının, bu istiqamətdə beynəlxalq təcrübənin, dərindən araşdırılmasının, o cümlədən ölkəmizdə bu istiqamətdə qəbul olunmuş dövlət əhəmiyyətli sənədlər nəzərə alınmaqla, proqram sistemlərinin əks mühəndisliyinin milli maraqlar baxımından analiz olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.