İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə yarımillik hesabatını təqdim edib.
Öncə şöbənin elmi-nəzəri fəaliyyəti haqqında məlumat verən B.Ağayev bildirib ki, 6 ay ərzində şöbədə rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə bir sıra mövzularda tədqiqatlar aparılıb. Bu problem üzrə “Azərbaycanda “Elektron Tullantıların Vahid İdarəçiliyi Konsepsiyası”nın işlənməsi”, “Ətraf mühitin akustik küy çirklənməsi ilə bağlı mövcud qanunvericilikdə dəyişiklikərə olan təlabatın müəyyənləşdirilməsi və islahat üçün təkliflərin işlənməsi”, eləcə də “Sənaye 4 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemlərinin həlli” mövzuları üzrə araşdırmalar aparılıb.
Onun sözlərinə görə, şöbədə həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılıb: “Bu istiqamətdə "Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ texnologiyalar əsasında həlli yolları", “Neft-qaz quyularının qazılması prosesində ətraf mühitin fiziki amillərlə çirklənməsi səviyyəsinin azaldılması məqsədilə bəzi mütərəqqi üsulların tətbiqi imkanlarının araşdırılması”, “Neft-qaz quyularında anomal lay təzyiqini operativ proqnozlaşdırmaq üçün metod və texnologiyaların işlənməsi” mövzularında məqalə və tezislər hazırlanıb.
Sonra B.Ağayev 6 ay ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda nəşr olunan məqalələri diqqətə çatdırıb.
O, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə də məlumat verib.
Daha sonra hesabata dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirib. Alim əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib, aktual problemlərə dair elmi məqalələrin hazırlanmasının zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.