Azərbaycan Texniki Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcəklər Aprel 17, 2023 | 09:20 / Görüşlər

Azərbaycan Texniki Universitetinin (AzTU) “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəçəklər. Təcrübənin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının istehsalat şəraitində tətbiq olunmasını təmin etmək, onların ali məktəbdə əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, lazımi təcrübəni formalaşdırmaqdan ibarətdir.

İnformasiya Texnologiyaları İnstitutunda AzTU-nun IV kurs tələbələri ilə görüş keçirildi. Görüşdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, təcrübə rəhbərləri, tələbələr, eləcə də digər məsul şəxslər iştirak edirdilər.

Tədbirdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək əvvəlcə institutda Big Data, informasiya təhlükəsizliyi, süni intellekt, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verdi.  

Sonra R.Ələkbərov institutun nəzdində fəaliyyət göstərən AzScienceNet elm-kompüter şəbəkəsi haqqında danışdı. Bildirdi ki, hazırda bu şəbəkə həm AMEA-nın bütün elmi müəssisə və təşkilatları, həm də  ölkənin müxtəlif ali məktəblərinin lazımi informasiya-kommunikasiya infrastrukturlarını sürətli internet və qabaqcıl şəbəkə xidmətləri ilə təmin edir.  

O, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti və təklif etdiyi xidmətlər barədə məlumat verərək burada istifadəçilərə hesablama işlərini həyata keçirən virtual maşınlar və böyük həcmli yaddaş resurslarının təklif olunduğunu, AMEA-nın bir neçə elmi müəssisəsinin Data Mərkəzin xidmətlərindən istifadə etdiyini söylədi.

R.Ələkbərov hazırda həm dünyada, həm də ölkəmizdə informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrlara böyük tələbatın yarandığını qeyd edərək tələbələri bu istiqamətdə institutun təcrübəsindən faydalanmağa, burada aparılan tədqiqatlarla yaxından tanış olmağa çağırdı. İcraçı direktor onlara təhsillərini davam etdirməyi, daim elmi araşdırmalar aparmağı, qabaqcıl bilikləri əldə etməyi və ingilis dili biliklərini gücləndirməyi tövsiyə etdi.  

Tədbirdə, həmçinin təcrübə müddətində görüləcək işlər və elmi tədqiqat mövzuları ilə bağlı müzakirələr aparıldı.

Qeyd edək ki, mayın 24-dək davam edəcək istehsalat təcrübəsi institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat tərəfindən həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı