Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı dissertasiya işi müzakirə olunub Noyabr 05, 2022 | 09:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.

Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov elmi seminarın institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

S.Ocaqverdiyeva çıxış edərək “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verib. O, elmi-tədqiqat işinin məqsədinin uşaqların virtual mühitdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün intellektual texnologiyaların tətbiqi ilə metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.

İddiaçı elmi-tədqiqat işinə dair 1-i “Web of Science”, 3-ü “Scopus” bazasında olmaqla ümumilikdə 12 məqalənin, o cümlədən 12 konfrans materialı və 2 ekspress-informasiyanın nəşr olunduğunu diqqətə çatdırıb.

Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. İnternet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə, davranışına mənfi təsir edir. Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir.

S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha ehtibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac duyulur.

Tədqiqatçı bildirib ki, dissertasiya işi çərçivəsində internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənmiş, ölkəmizdə Milli Təhlükəsiz İnternet Mərkəzinin fəaliyyəti üçün təkliflər verilmiş və dilimizdə olan vulqarizmlərin azyaşlı auditoriyaya təqdim olunmasının qarşısının alınması üçün Bayes klassifikatoruna əsaslanan alqoritm işlənmişdir. Həmçinin uşaqlar üçün ziyanlı hesab olunan şəkil kontentinin klassifikasiyası üçün ChildNet adlı yeni Dərin Neyron Şəbəkə arxitekturası, filtrasiyası üçün isə “data sanitization” metodu işlənilmişdir. Dissertasiya işində təklif olunmuş metod və alqoritmlər təcrübi sınaqdan keçirilmiş, onların səmərəliliyi aparılmış eksperimentlər əsasında təsdiq olunmuşdur.

Mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müzakirələrdə iştirak edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov mövzunun aktuallığını önə çəkiblər, tədqiqatçıya müvafiq elmi istiqamət üzrə təklif və tövsiyələr veriblər.

Sonra dissertasiya işi üzrə elmi rəhbər, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələlərə həsr olunduğunu diqqətə çatdırıb. Akademik ölkəmizdə IV Sənaye İnqilabı əsaslı, hüquqi, təşkilati, texnoloji imkanlara malik olan, peşəkar mütəxəssislərin fəaliyyət göstərdiyi Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının uşaq və yeniyetmələrin virtual mühitdə olan zərərli kontentlərdən qorunması, bu istiqamətdə ümummilli səviyyədə məlumatlandırmanın həyata keçirilməsi baxımından əhəmiyyətindən bəhs edib. R.Əliquliyev dissertasiya işində bu Mərkəzin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan konseptual baxışların, təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb. 

Elmi rəhbər dissertasiya işi çərçivəsində yerinə yetirilmiş, uşaqlar üçün ziyanlı hesab olunan şəkil kontentinin klassifikasiyası üçün ChildNet adlı yeni Dərin Neyron Şəbəkə arxitekturasının ölkəmizdə kibertəhlükəsizlik və kibərcinayətkarlıq məsələlərinə dair qəbul olunmuş dövlət əhəmiyyətli sənədlərin icrasına mühüm töhfə olduğunu vurğulayıb. Akademik əlavə edib ki, qeyd olunan arxitekturada uşaqlar üçün ziyanlı hesab olunan şəkil kontentinin klassifikasiyası intellektual texnologiyalar, dərin təlim metodlarının tətbiqi ilə həyata keçirilir.

Akademik dissertasiya işində əsaslı tədqiqatlar aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini və qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirib, tədqiqatı tamamlanmış elmi iş kimi qiymətləndirib.

Sonda dissertasiya işinin institutun elmi seminarının müzakirəsinə çıxarılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı