OLAP sistemlərində blokçeyn texnologiyalarının tətbiqi məsələləri araşdırılır İyul 26, 2022 | 09:23 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib.

Öncə şöbə rəhbəri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “OLAP sistemlərində blokçeyn texnologiyalarının tətbiqi” adlı məruzə ilə çıxış edərək, blokçeyn texnologiyası və onun əsas xüsusiyyətləri barədə ətraflı məlumat verib. Bildirib ki, blokçeyn və ya paylanmış reyestr texnologiyası (Distributed Ledger Technology – DLT) kompüter şəbəkəsinin qovşaqlarını birləşdirən paylanmış verilənlər bazasıdır.

Onun sözlərinə görə, bir çox blokçeyn infrastrukturu smart müqavilələrdən istifadə edir. Onlar tərəflər arasında razılaşmaları həyata keçirən və toplanmış çoxölçülü verilənlərin işlənməsini təsvir etmək üçün istifadə olunan reyestrə daxil edilmiş kod fraqmentləridir. Bu müqavilələrin olması, eyni zamanda, OLAP sistemlərin verilənlərinin saxlanması ölçülər üzrə aqreqasiyaların, eləcə də istifadəçi tərəfindən müəyyən edilmiş digər OLAP hesablamaların icrasını təmin edir.

G.Nəbibəyova, həmçinin tam idarə edilən reyestrlərin verilənlər bazası olan “Amazon Quantum Ledger Database” (QLDB) haqqında danışıb. Qeyd edib ki, QLDB şəffaf, dəyişməz və kriptoqrafik metodlarla yoxlanıla bilən tranzaksiyalar jurnalını təmin edir. QLDB-nin əsas məqsədi tranzaksiyalar jurnalını saxlamaq olduğu üçün OLAP arxitekturunda verilənlər anbarı faktlarının saxlanması yalnız əlavə etmək rejimində istifadə edilə bilər.

“Sənaye 4.0 dövründə verilənlərin təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Verilənlərin bədniyyətlilərdən qorunması üçün ənənəvi texnologiyalarla müqayisədə innovativ texnologiyalar daha effektivdir. Əməliyyatların şəffaflığı, verilənlərin təhlükəsizliyi və s. kimi bir çox üstünlükləri olan blokçeyn də həmin innovativ texnologiyalardandır. Lakin onun şəffaflığı verilənlərin məxfiliyinin pozulmasına gətirib çıxarır. Bu baxımdan korporativ və dövlət strukturlarında ictimai deyil, özəl blokçeyndən istifadə etmək tövsiyə olunur”, – deyə məruzəçi sözlərinə əlavə edib.

Daha sonra institutun böyük elmi işçisi Əfruz Qurbanova “Sənaye 4.0 dövründə dillərin qorunması problemləri və perspektivləri” mövzusunda çıxış edib. Bildirib ki, tədqiqat işinin əsas məqsədi hazırkı qloballaşma dövründə milli dillərə, eləcə də milli azlıqların dillərinə olan təhlükələrin müəyyənləşdirilməsi, müvafiq təklif və tövsiyələrin işlənməsindən ibarətdir.

Məruzəçi dillərin sosiolinqvistik aspektləri, dünya dillərinin müasir vəziyyəti və istifadə səviyyəsi, Azərbaycanda multikultural təhlükəsizlik prinsipləri, kiberməkanda dillərin qorunması problemləri və perspektivləri, Sənaye 4.0 kontekstində milli azlıqların dilləri və s. haqda ətraflı məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Onun sözlərinə görə, dünyada gedən qloballaşma prosesi iqtisadi, siyasi və mədəni sahələrə ciddi təsir göstərməkdədir. Bu dəyişikliklər, əsasən, ayrı-ayrı mədəniyyətlərdə, xalqların mədəni və mənəvi irsində özünü büruzə verir. Qloballaşma prosesi milli azlıqların dil və mədəniyyətlərinin canlılığına da mənfi təsir edir. Dil müxtəlifliyinin qorunması sosiolinqvistik tədqiqatların zəruriliyini aktuallaşdırır. Etnolinqvistik müxtəlifliyin qorunması problemi çoxmillətli dövlətlər, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Ə.Qurbanova qeyd edib ki, milli dillərin, xüsusən də azsaylı xalqların dillərinin qorunması və inkişafı istiqamətində aparılan tədqiqatlar bu dillərin sənədləşdirilməsi və virtual məkanda təsbit edilməsinin zəruri olduğunu göstərib. Sənaye 4.0 kontekstində milli azlıqların dillərinin qorunması problemlərinin həllinə mümkün yanaşmalar nəzərdən keçirilib, regional dillərin qorunmasının milli özünüdərk səviyyəsindən asılı olması müəyyənləşdirilib. Azərbaycan dili, eləcə də burada yaşayan milli azlıqların dillərinin vəziyyəti və istifadə səviyyəsi təhlil olunub.

Dilin, eləcə də milli azlıqların dillərinin istifadəsi, tətbiqi, qorunması və inkişafı istiqamətində düzgün dil siyasətinin qurulmasının, qlobal tendensiyaların dilə neqativ təsirlərinin minimuma endirilməsi məqsədilə kompleks tədbirlərin görülməsinin, ölkə ərazisində yaşayan milli azlıqların dillərinin sənədləşdirilməsi üçün e-dövlət platformasının imkanlarından istifadənin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, milli azlıqların dillərinin audio yazılarının sənədləşdirilməsi və emalı məqsədilə bu dillərin süni intellekt modellərinin hazırlanması, Azərbaycanın milli dil korpusunun (milli azlıqların dilləri daxil olmaqla) yaradılması, ölkəmizdə formalaşan e-dövlət platforması çərçivəsində yaradılan milli dil xidmətləri sisteminin Dil Müxtəlifliyi üzrə Ümumdünya Şəbəkəsi MAAYA-ya qoşulması və beynəlxalq dil xidmətləri sistemlərinə inteqrasiyası vacibdir.

Sonda hər iki məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı