İnformasiya Texnologiyaları İnstitutu ilə Dövlət Gömrük Komitəsi Akademiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olundu İyun 13, 2022 | 05:02 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun başçılıq etdiyi nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunun qonağı oldu. Q.Novruzovu Dövlət Gömrük Komitəsi Akademiyasının rəis müavini Araz Aslanlı, akademiyanın “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının müdiri Babək Abbasov, kitabxana və elektron resurslar üzrə məsul əməkdaş Aysel Cəfərzadə müşayiət edirdilər.

Qonaqlarla keçirilən görüşdə qarşı tərəfdən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova iştirak edirdilər.

Əvvəlcə akademiyanın rəisi Q.Novruzov tədbir iştirakçılarını Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından salamlayaraq, ali təhsil müəssisəsinin yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq münasibətləri haqqında ətraflı məlumat verdi. O, akademiya ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq perspektivlərindən söz açaraq, institut tərəfindən tələbələr üçün təcrübə proqramlarının təşkili, institutun akademik sahədə püxtələşmiş informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssislərinin akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər əhəmiyyətli məsələlər barədə danışdı.

Q.Novruzov qeyd etdi ki, ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla, hüquq və iqtisadiyyat sahələri üzrə yüksəkixtisaslı, müasir biliklərə yiyələnmiş kadrlar hazırlamağı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyan Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. 2014-2015-ci tədris ilində akademiyaya “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisasları üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçirilmişdir. 2017-2018-ci tədris ilində akademiyada ilk məzun buraxılışı olmuşdur. 2019-cu ildə “İnformasiya təhlükəsizliyi”, 2020-ci ildə “Beynəlxalq ticarət və logistika”, 2021-ci ildə isə “İnformasiya texnologiyaları” ixtisasları təsis olunmuşdur. Hazırda hüquqşünaslıq və iqtisadiyyat istiqamətlərində magistratura səviyyəsində “Gömrük işi” ixtisaslaşması üzrə qəbul da həyata keçirilir.

Akademiyanın beynəlxalq əməkdaşlıq münasibətlərindən söz açan Q.Novruzov bu ali təhsil müəssisəsinin Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, həmçinin Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (International Network of Customs Universities – INCU) ölkəmizdə yeganə təmsilçisi və üzvü olduğunu vurğuladı. Qeyd etdi ki, beynəlxalq müstəvidə rəqabət qabiliyyətli kadrların hazırlanması məqsədilə Türkiyə, Estoniya, Çexiya və s. kimi ölkələrin müvafiq qurumları ilə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Ali təhsil müəssisəsinin rəhbəri 2018-ci ildə gömrük işi ilə əlaqədar elmi tədqiqatlar aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara şərait yaradılması, elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına lazımi şərait yaratmaq məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsi üçün AMEA ilə DGK arasında anlaşma memorandumunun imzalandığını xatırlatdı.

“Hazırda gömrük xidməti digər sahələr kimi, intensiv inkişaf dövrünü yaşayır. Mobil həll yolları, yeni texnoloji sxemlərə keçid, e-xidmətlərin tətbiqi və s. İKT-nin tətbiqi ilə bilavasitə bağlıdır. Azərbaycanda informasiya texnologiyalarının elm sahəsi kimi formalaşması, müasir dövrün tələblərinə uyğun olaraq peşəkar kadrların hazırlanması sahəsində İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin rolu danılmazdır. Bu baxımdan ölkədə İKT üzrə mütəxəssislərin hazırlanması istiqamətində zəngin təcrübəyə malik İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi ilə bağlı zəruri addımların atılması məqsədəuyğundur”, – deyə Q.Novruzov bildirdi.

Daha sonra akademiyanın rəisi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmri ilə təltif edilən AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalını və Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən hazırlanmış, orta əsrlərdən müasir zamanadək olan dövrü əhatə edən, gömrük sahəsinə dair qiymətli tarixi faktların yer aldığı kitabı təqdim etdi.

Qonaq çıxışının sonunda göstərilən qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlığını bildirdi, bu elmi qurumun fəaliyyətini yüksək qiymətləndirdiyini söylədi.

Sonra çıxış edən akademik Rasim Əliquliyev qonaqları institutun kollektivi adından salamlayaraq, akademiyanın müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyini və müvafiq sahədə mühüm nailiyyətlərin əldə olunduğunu qeyd etdi.

“İnformasiya Texnologiyaları İnstitutunun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi təşkil edir. Həmin dövrdə bu şöbə dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin informasiyalaşdırılması, yəni, elektron dövlətin ayrı-ayrı altsistemlərinin yaradılması işlərini həyata keçirmişdir. İnformasiya Texnologiyaları İnstitutu uzun müddət respublikada avtomatlaşdırılmış idarəetmə sistemlərini layihələndirən qurum olmuşdur. Belə qənaətə gəlmək olar ki, Dövlət Gömrük Komitəsində İKT-nin tətbiqinə İnformasiya Texnologiyaları İnstitutunun dəstəyilə başlanılmışdır”, – deyə akademik bildirdi.

Rəhbərlik etdiyi elmi qurumun beynəlxalq əməkdaşlıq münasibətlərindən də bəhs edən R.Əliquliyev institutun AzScienceNet elm-kompüter şəbəkəsinin Azərbaycanın elm və təhsilinin şəbəkə infrastrukturunun Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynadığını qeyd etdi. Həmçinin, cari ilin sentyabr ayında Avropa Komissiyasının dəstəyi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” V beynəlxalq konfransının keçiriləcəyini, konfransda dünyanın 100-dən çox ölkəsini təmsil edən alim və mütəxəssislərin, qabaqcıl elmi mərkəzlərin nümayəndələrinin iştirakının nəzərdə tutulduğunu söylədi.

Alimin sözlərinə görə, qlobal dünyanın çağırışları kontekstində Azərbaycan elminin gücləndirilməsi, müvafiq sahələr üzrə fundamental tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların hazırlanması AMEA-nın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun qarşısında dayanan əsas vəzifələrdəndir. Akademik müvafiq istiqamətdə birgə fəaliyyətin idxal-ixrac əməliyyatlarında, əməliyyat-axtarış tədbirlərində elmi araşdırmalardan istifadədə, informasiya texnologiyalarının tətbiqində, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılmasında, müştərək layihə və tədbirlərin həyata keçirilməsində zəruriliyini qeyd etdi. Rəhbərlik etdiyi institutun Dövlət Gömrük Komitəsinin Akademiyasına İKT üzrə peşəkar kadrların hazırlanması sahəsində hər cür dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırdı.

Görüşdə iki elmi qurum arasında elmi əlaqələrin gücləndirilməsi, İKT sahəsində peşəkar kadrların hazırlanması istiqamətində zəruri addımların atılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, birgə əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması üçün hər iki tərəfi təmsil edən işçi qrupların yaradılması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı